“Qalatasaray” turu keçə biləcək?

İDMAN
16:00 / 18.03.2026
133

Türkiyənin “Qalatasaray” klubu bu gecə daha bir tarixi matça çıxacaq.

İstanbul təmsilçisi Çempionlar Liqasının 1/8 final mərhələsinin revanş matçında İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq. İngiltərədə keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda rəqibini 1-0 hesabı ilə məğlub edən “Cim-Bom” üstünlüyünü qoruyaraq turu keçməyə çalışacaq. 

“CBC Sport” telekanalının və “Footcast TV”-nin aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov Hit.az-a açıqlamasında bildirib ki, “Qalatasaray” üçün Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanmaq baş məşqçi Okan Burukun mövsümün əvvəlində klub rəhbərliyi tərəfindən qarşısına qoyulan məqsədlərdən biri idi:


“İlk növbədə “Qalatasaray”ın daxili çempionatda rekord təkrarlamaq arzusu var. Xüsusilə Okan Burukun ardıcıl 4 mövsüm çempion olaraq Fatih Terimin Türkiyə Super Liqasında qırdığı rekordu təkrarlamaq istəyi də başadüşüləndir. Lakin son 3 mövsümdə avrokuboklardakı uğursuz çıxış fonunda həm azarkeşlərin, həm “Qalatasaray” camiəsinin əsas diqqət mərkəzi məhz Okan Buruk üzərində fokuslanmışdı. Hər kəs ondan bu mövsüm avrokuboklarda ən azı uğurlu nəticə qazanmağı tələb edirdi. Əlbəttə ki, Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanmaqla Okan Buruk bu mövsüm avrokuboklarda qarşıya qoyulan məqsədi yerinə yetirmiş oldu”.

Ekspert vurğulayıb ki, “Qalatasaray”ın qarşısında Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlmək üçün çox önəmli şans var:
“Təbii ki, bunda ilk matçda “Liverpul”a qarşı xüsusilə oynanılan futbol nəzərə alınır. Çünki “sarı-qırmızılılar” xətlərarası məsafəni çox qısa tutaraq, davamlı qaçaraq, presinq tətbiq edərək rəqibə müəyyən mənada çətinlik yaratdılar. Düzdür, ilk matçda hər iki tərəfin çox qol epizodu var idi, amma “Qalatasaray” bunlardan birindən yararlanmağı bacardı. İndi isə revanş Enfilddədir. Bilirik ki, “Liverpul” rəqibin kimliyindən asılı olmayaraq öz meydançanda tətbiq etdiyi təzyiqlə, xüsusilə mərkəzdə daha çox topa sahib olaraq istənilən komandaya o “Enfild ruhu”nun verdiyi möhtəşəm enerji ilə üstünlük qurmağa çalışır. Lakin Türkiyə klubu üçün bu turu keçmək möcüzə sayılmaz. Əslində həm Liverpulun, həm Qalatasarayın növbəti mərhələyə yüksəlməyi təəccüblü olmayacaq”.

Mütəxəssisin sözlərinə görə, “Liverpul” kağız üzərində favoritdir:
“Lakin “Liverpul”da da son dövrlərdə klub rəhbərliyi və azarkeşlərin baş məşqçiyə olan etimadının hər oyun keçdikcə Slota müəyyən çətinliklər yaşatdı. O da bu qarşılaşmada qalib gələrək “Liverpul”u 1/4 final mərhələsinə yüksəltməklə o təhlükə oxlarını üzərindən atmağa çalışacaq. 


“Qalatasaray” isə topu rəqibə verib topsuz oyuna çəkilməməlidir. Çünki “Yuventus” səfərində müdafiə futbolunun onlar üçün nə dərəcədə ciddi problemlər yaratdığını görmək mümkün idi. Əgər eyni oyun anlayışı olarsa, “Liverpul” turun taleyini ilk hissədə həll edər. Ona görə də “Qalatasaray” yenə İstanbuldakı kimi oynamalıdır. Hesabda geri də düşə bilər, amma bu oyun anlayışından vazkeçməməlidir. Hansı ki, meydançanın rəqibə aid olan hissəsində presinq tətbiq etmək, daha çox qaçmaq, oyunu 40-50 metrdə keçirmək istəyi “Qalatasaray”ın qol buraxmağına səbəb olsa da, qollar vurmağına da imkanlar yaradacaq”. 

Elçin Cəfərov hesab edir ki, bu matçda Okan Burukdan çox şey asılı olacaq:
“Okan Buruk yenə də İstanbuldakı oyun anlayışını tətbiq etməyə çalışmalıdır. Odur ki, mənim inamım yüksəkdir. Yenə deyirəm, “Qalatasaray”ın mübarizəni dayandırmağı da, növbəti mərhələyə keçməyi də mənim üçün təəccüblü olmayacaq. Çünki hər iki tərəfin şansı yüksəkdir. Lakin qəlbimiz “Qalatasaray”la olacaq. Uğurlar “Cim-Bom”a”.

Elmir Mustafa
 

0