Bu axşam Türkiyə futbolu üçün daha bir tarix yazıla bilər.
Belə ki, futbol üzrə qardaş ölkənin yığmasının Dünya Çempionatına qatılma ehtimalı var. Bu axşam Dünya Çempionatı 20026-nın Avropa zonası üzrə seçmə mərhələsinin pley-off finalları keçiriləcək. Türkiyə səfərdə Kosovo ilə qarşılaşacaq. Ölkəmizdə də böyük maraqla gözlənilən matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Türkiyə qalib gələcəyi təqdirdə dünya kubokuna vəsiqə qazanacaq.
Bəs oyundan gözləntilər nələrdir?
“CBC Sport” telekanalının və “Footcast TV”-nin aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov Hit.az-a açıqlamasında bildirib ki, Türkiyə milli komandasının 24 illik fasilədən sonra Dünya Çempionatının final mərhələsinə yollanmasına cəmi bir maç qalıb:
“Təbii ki, hər iki kollektivi müqayisə etdikdə taktiki-texniki olaraq Kosovo millisi oyun planı çərçivəsində kollektiv müdafiə olunma, kollektiv hücuma çıxma cəhətdən kifayət qədər yaxşı təsir bağışlayır. Müdafiədən topla rahat çıxırlar, xüsusilə hücumda say baxımından çoxalmağı bacarırlar və cinah oyunlarına çox böyük üstünlük verirlər. Rəqibin heyətində Vedat Muricini xüsusilə vurğulamaq lazımdır. O, topu özündə saxlamaqla hücumda say baxımından komandasının çoxalmasına çox önəmli fürsətlər yaradır”.
Lakin ekspert qeyd edib ki, futbolçuların fərdi keyfiyyətləri baxımından Türkiyə millisi Kosovo ilə müqayisədə çox irəlidədir:
“Çünki Türkiyə yığmasının heyətində yığışan oyunçuların əksəriyyəti Avropanın sayılıb-seçilən top klublarında oynayırlar. Üstəlik, onlar milli komandanın özəyini təşkil edirlər. Belə bir məqamda sual ortaya çıxır: bəs niyə Türkiyə yığması oyun olaraq istənilən futbolu ortaya qoya bilmir? Əlbəttə ki, burada baş məşqçinin oyun formatı hər zaman ön planda yer alır. Hazırda Türkiyə yığmasında klassik hücumçu yoxdur. Qardaş ölkə 4-6-0 və ya 4-5-1 düzlüşü ilə oynayır.
Məsələn, Kərəm Aktürkoğlu, bəzən də Barış Alper Yılmaz yalançı hücumçu kimi çıxış edir. Lakin həmin futbolçular klassik “9” nömrə olmadıqlarına görə hücumun mərkəzində üstünlük qura bilmirlər. Bu səbəbdən də bütün iş yarımmüdafiənin üzərinə düşür. Arda Gülər, Hakan Çalhanoğlu, Kənan Yıldız triosunun hücum fazasında görəcəyi işlər, habelə Barış Alper Yılmazın etdiyi reydlər fonunda və Fərdi Kadıoğlunun hücumlara qoşulması say baxımından çoxalma gətirsə də, bu hücumların kəsərini, faydalı iş əmsalını kifayət qədər yüksəltmir”.
Ekspertin proqnozuna görə, Kosovo Rumıniya kimi tam kollektiv müdafiə olunaraq topu Türkiyəyə buraxaraq, əks-hücum taktikası seçməyəcək:
“Kosovonun da hücumda da oynaması onların müdafiəsində boşluqlar yaradacaq. Təbii ki, Kənan Yıldız və Barış Alper Yılmaz üçün çox önəmli fürsətlər yarada bilər. Ümumilikdə çətin maç olacaq. Lakin inanıram ki, Türkiyə ulduz və keyfiyyətli oyunçularının sayəsində lazım olan nəticəni Kosovoda qazanacaq. Çox gərgin və qarşılıqlı qolların vurulduğu matç izləyəcəyik. Hətta əlavə vaxt və ya penaltilərə də gedə bilər.
Hesab edirəm ki, necə olur-olsun Türkiyə Dünya Çempionatına qatılmalıdır. Əgər qardaş ölkə yığması bu futbolçularla da mundiala vəsiqə qazanmasa, Türkiyə futbolu çox geri düşmüş olacaq. Rəqib Niderland, Fransa və ya İngiltərə deyil, Kosovodur. Sadəcə olaraq təcrübə hesabına, təmkinli oynayaraq qalib gəlmək lazımdır”.
Elmir Mustafa



