Türkiyə Super Liqasında çempionluq uğrunda gərgin mübarizə gedir.
Son turda “Trabzonspor”un “Qalatasaray”ı, “Fənərbaxça”nın isə “Beşiktaş”ı məğlub etməsi ilə çempionluq yarışı qızışdı. Belə ki, “Qalatasaray” 64 xalla turnir cədvəlinə başçılıq edir. “Fənərbaxça” və “Trabzonspor”un isə 63 xalı var. Lakin “Cim-Bom”un “Göztəpə” ilə təxirə salınmış bir oyunu da ehtiyatda var.
Maraqlıdır, indiki vəziyyətdə Super Liqada hansı komandanın çempionluq şansları daha yüksəkdir?
Mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlama verib.
O bildirib ki, Viktor Osimhenin yoxluğu “Qalatasaray”ın oyununa həddindən artıq dərəcədə təsir edir:
“Bunu sadəcə daxili çempionat oyunlarında yox, həm də Çempionlar Liqasında görə bildik. “Cim-Bom” onun oynadığı oyunlarda qol vurmağı və qalib gəlməyi bacarır. Bu da Osimhenin öndə effektivliyindən irəli gələn bir amildir. Ona görə də nigeriyalı hücumçunun yoxluğu açıq şəkildə komandanın oyununa təsir edir. Osimhen olmayanda komandanın hücum potensialı kifayət qədər aşağı düşür. Mauro İkardinin isə performansı aşağı düşüb. Yəni hazırda “Qalatasaray” bir az çətinliklə üzləşib”.
Ekspert Super Liqadakı çempionluq yarışı barədə isə bunları deyib:
“Nəzərə almaq lazımdır ki, “Fənərbaxça” da “Beşiktaş”la oyunda son saniyədə vurduğu penaltı qolu ilə qalib gəldi. Onlarda da hər şeyin yaxşı olduğunu qeyd etmək düz olmazdı. Düzdür, hazırda liderdən sadəcə 1 xal geridədirlər. Lakin “Qalatasaray” “Göztəpə”ni də məğlub etsə fərq 4-ə yüksələcək. O zaman isə “sarı-qırmızılılar”ın aradakı xal fərqinin qapanmasına imkan verməyəcəyini düşünürəm. Maksimum bir oyunda məğlub ola bilər, amma ondan o tərəfəsinə biraz çətin görsənir”.
Mütəxəssis “Fənərbaxça” və “Trabzonspor”un çempionluq şanslarının yüksək olmadığını deyib:
“Türkiyədə böyük komandaların çempionatın axırında belə boşluqlara yol vermədiyini bilirik. Bütün bunların fonunda “Fənərbaxça”nın çempion olacağına inanmıram. “Trabzonspor” isə Fatih Tekkenin baş məşqçi olmasından sonra yüksəlişə keçib. Komanda artıq əməlli-başlı yol qət edib və aqressiv oynayırlar. Lakin çempionatın axırına qədər bu tempdə davam etmələri çox çətin görünür. Məncə, “Qalatasaray” bu il də çempionluğu əldən verməyəcək”.
Elmir Mustafa



