"Neftçi" yeni mövsümdə geyinəcəyi səfər formalarını da təqdim edib.
Hit.az xəbər verir ki, 2026/27 mövsümünün səfər oyun dəsti “Qara Qızıl” adını daşıyır.
Tamamilə qara rəngdə hazırlanan forma qızılı detalları ilə klubumun da adını götürdüyü, milli sərvətimiz olan neftə ehtiramın simvoludur.
“Neftçi” sadəcə bir klub adı deyil. O, onilliklərdir milyonlarla insanın qəlbində yaşayan dəyərdir. Məhz buna görə də bu formanın əsas rəngləri qara və qızılı seçilib. Qara – nefti, qızılı isə onun dəyərini ifadə edir.“Kappa” tərəfindən eksklüziv olaraq “Neftçi” üçün hazırlanan formada klubun embleminin iki əsas elementi – neft buruğu və “N” hərfi əsasında xüsusi ornament hazırlanıb.
Bu naxış yalnız bu forma üçün yaradılıb və onu tamamilə unikal edir. Minimalist görünüşü, özəl naxışları və qızılı detalları ilə “Qara Qızıl” müasir dizaynı klubumuzun tarixi ilə birləşdirir. Hər detal “Neftçi” adının haradan gəldiyini və nəyi təmsil etdiyini xatırladır. “Qara Qızıl” – klubun adının gücü, rənglərin dəyəri və “Neftçi” ruhunun təcəssümüdür.












