Argentina ilə Misir arasında keçirilən futbol üzrə dünya çempionatı oyunu təkcə meydanda deyil, internet məkanında da tarixə düşüb. “Google” həmin qarşılaşma zamanı platformada bütün dövrlərin ən yüksək axtarış trafikinin qeydə alındığını rəsmən açıqlayıb.
HİT.az xəbər verir ki, şirkətin informasiya və bilik xidmətləri üzrə baş vitse-prezidenti Nik Foks bu məlumatı təsdiqləsə də, qeydə alınan axtarış həcminin dəqiq göstəricilərini açıqlamayıb.
Məlumata görə, azarkeşlər oyun zamanı əsasən “Google”un təqdim etdiyi canlı nəticələri, qələbə ehtimallarını əks etdirən qrafikləri və komandaların taktiki düzülüşlərini izləmək üçün platformadan istifadə ediblər.
Argentinanın qələbə qolunu vurduğu anlarda müşahidə edilən rekord aktivliyin səbəbləri ilə bağlı müxtəlif ehtimallar irəli sürülür. Bəzi müşahidəçilər hesab edirlər ki, istifadəçilər Misirin sensasiya yarada bilib-bilməyəcəyini real vaxt rejimində izləməyə çalışıblar. Digər versiyaya görə isə dünya çempionatının ABŞ-da keçirilməsi futbola daha az bələd olan yerli azarkeşlərin oyunda baş verənləri anlamaq üçün daha çox internet axtarışı etməsinə səbəb olub.
Qarşılaşma təkcə rəqəmsal rekordlarla deyil, meydandakı dramatik inkişafı ilə də yadda qalıb. FIFA reytinqində ikinci pillədə qərarlaşan Argentina 34-cü yerdə olan Misirə qarşı oyunda bir ara iki top fərqi ilə geridə qalıb.
Lakin Cənubi Amerika təmsilçisi son 15 dəqiqədə üç qol vuraraq hesabı öz xeyrinə dəyişib, Misiri mübarizədən kənarlaşdırıb və dörddəbir finala yüksəlib.
İndi diqqətlər Argentina ilə İsveçrə arasında keçiriləcək növbəti qarşılaşmaya yönəlib. “Google”un ehtimal modellərinə əsasən, Argentinanın bu oyunda qalib gəlmək ehtimalı 57 faizdir.
Turnir irəlilədikcə azarkeş marağının daha da artacağı gözlənilir. Bu səbəbdən internetdə qeydə alınan axtarış rekordunun yaxın vaxtlarda yenilənməsi də istisna edilmir.
Samir


