“Qarabağ”ın ilk hədəfi Avropa Liqasının liqa mərhələsidir

İDMAN
11:31 / 23.07.2026
257

“Bu mövsüm “Qarabağ”ın Avropa Liqasının liqa mərhələsinə vəsiqə qazanmaq ehtimalı yüksəkdir”.

Bu sözləri tanınmış idman jurnalisti Natiq Muxtarlı Hit.az-a açıqlamasında deyib.

O, Ağdam təmsilçisinin əsas hədəfinin də bu olduğunu vurğulayıb:


“Heyəti yenilənməsinə, bunun da müəyyən çətinliklər yaratmasına baxmayaraq, “Qarabağ”ın Avropa Liqasının liqa mərhələsində mübarizə aparmaq ehtimalı var.

Düzdür, heyətin təzələnməsi, yeni nəfəsin gəlməsi komandanın oyun sistemində müəyyən dəyişikliklər yaradır. Üstəlik, yeni gələnlərin sistemə uyğunlaşması prosesi də var. Təbii ki, bu da oyun planında və keyfiyyətində problemlərə yol açır”.

Ekspertin sözlərinə görə, çətin olsa da, “Qarabağ” bu hədəfə nail olacaq gücdədir:
“Hazırda “Qarabağ”ın işi biraz çətin görünə bilər. Lakin növbəti mövsüm daha güclü “Qarabağ” görəcəyik. Çünki futbolçular bir-biri ilə oynamağa öyrəşəcəklər və bunu sistemə oturacaqlar. Beləliklə, komanda daha da güclənəcək. Hələlik, transferlərin tam gücünü görməmişik. 

Nəzərə alaq ki, Ağdam klubu avrokubokda ilk oyununda çox zəif bir İslandiyanın komandası ilə qarşılaşıb. Həmin matçda futbolçuların hansı keyfiyyətə malik olduğunu müəyyənləşdirmək asan deyil. Elə oyunda futbolçunun keyfiyyətinə qiymət vermək çətindir”.

Natiq Muxtarlı hesab edir ki, “Qarabağ” üçün əsl sınaq bu axşam başlayır:
“Artıq daha ciddi rəqiblərlə oyunda bu potensialın necə olduğunu görəcəyik. Bu oyunlardan biri də şübhəsiz ki, ÇSKA-dır. Bolqarıstan komandası ciddi rəqibdir və “Qarabağ”ın yeni transferlərinin hansı səviyyədə olduğunu bu oyunda təxminən biləcəyik. Ona görə də “Qarabağ” üçün əslində avrokubok mövsümü bu axşam başlayır.

Güman edirəm ki, “Qarabağ”ın təcrübəsi və sistemi Bolqarıstan komandasını keçməyə yetərli olacaq. Hər mərhələdə daha çətin rəqib gəlsə də, "Köhlən atlar" artıq öz sözünü demiş komandadır. Bu səbəbdən də təmsilçimizin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq şansları çox yüksəkdir. Ən pis halda isə “Qarabağ” Konfrans Liqasının qrupunda oynayacaq. Bu, şəksizdir. Ancaq hazırda əsas məqsəd Avropa Liqasının liqa mərhələsinə vəsiqə qazanmaqdır”.

Pərviz 

0