“Sabah” Çempionlar Liqasında tarix yazır

İDMAN
10:37 / 29.07.2026
227

Azərbaycan çempionu “Sabah” tarix yazmağa davam edir.

Hit.az xəbər verir ki, paytaxt təmsilçisi ilk dəfə qatıldığı Çempionlar Liqasında inanılmaz uğurlara imza atır.

“Sabah” ötən gün Finlandiyanın “KuPS” klubunu səfərdə 2-0 hesabı ilə məğlub edib. Təmsilçimiz ümumilikdə 3-0 hesabı ilə qələbə qazanaraq 3-cü təsnifat mərhələsinə yüksəlib. Üstəlik, “Sabah” bu mövsümdə avrokubokların ən azı Konfrans Liqasının liqa mərhələsində iştirak etməyi rəsmən təmin edib.

Masazır klubu Azərbaycan futbolu tarixinə qitə kuboklarında əsas mərhələyə yüksələn 4-cü komanda kimi düşüb. İndiyə kimi sadəcə “Neftçi”, “Qarabağ” və “Qəbələ” ümumilikdə 15 dəfə belə uğura imza atıb.

Onu da qeyd edək ki, bu, “Sabah”ın avrokuboklarda 10-cu qələbəsi kimi tarixə düşüb. Onlar, ölkə futbolu tarixində ən azı 10 avrokubok matçında qalib gələn 5-ci komanda ünvanına da sahib olublar. Eyni zamanda, həmin qalibiyyət klublarımızın avrokuboklarda səfərdə qazandığı 70-ci qələbədir.

“KuPS”la matç “Sabah”ın ulduzu Coy Lens Mikels üçün də əlamətdar olub. O, avrokuboklarda meydana çıxdığı 16-cı matçda 10-cu dəfə fərqlənib. Bununla da Mikels Azərbaycan klublarının heyətində 10 və daha çox qola imza atan 7-ci futbolçu kimi adını tarixə yazdırıb.

Beləliklə, Azərbaycan futbolunda yeni bir səhifə açılır və bu səhifənin baş qəhrəmanı böyük inamla irəliləyən “Sabah” klubudur. Təmsilçimizin bu mövsüm avrokuboklardakı performansı sadəcə heyranlıq doğurur. Çünki klub tarixində ilk dəfə qatıldığı Çempionlar Liqasında ardıcıl iki mərhələni adlayıb.

Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasında meydana çıxdığı 4 matçın hamısını qazanıb. Hətta komandamız bu matçlarda 7 qol vurarkən, cəmi 1 qol buraxıb. 

Təcrübəli mütəxəssis bu kollektivə təkcə taktiki nizam deyil, həm də qələbə xarakteri, o “böyüklərlə oynaya bilərəm” özgüvənini aşılaya bilib. Dambrauskasın komandasının bu ruhlandırıcı oyunu azarkeşlərə daha böyük hədəflər üçün ümid verir.

Növbəti mərhələdə də “Sabah”a uğurlar arzulayırıq! İnanırıq ki, bütün bunlar sadəcə başlanğıcdır, böyük uğurlar və tarixi nailiyyətlər hələ qabaqdadır. Biz sizə inanırıq, “Sabah”!

Elmir Mustafa

0