Hər son başlanğıcdır: “Qarabağ” Konfrans Liqasında tarix yaza bilər

İDMAN
11:51 / 31.07.2026
254

Ötən gün “Qarabağ” Avropa Liqasında mübarizəni dayandırdı.

Təmsilçimiz Bolqarıstanın ÇSKA klubunu mübarizədən kənarlaşdıra bilmədi. Əslində komandamız hər iki oyunda da rəqibindən üstün oynadı, ancaq penaltilər seriyasında bəxtimiz gətirmədi. Nəticədə 5-4 hesabı ilə məğlub olan “Qarabağ” yoluna Konfrans Liqasında davam edəcək.

Əlbəttə, hər bir futbol azarkeşi üçün belə məğlubiyyətlər ilk anda ağır təsir bağışlayır. Çünki öyrəşdiyimiz və hər zaman böyük səhnədə görmək istədiyimiz bir komandanın geridə qalması xəyal qırıqlığı yarada bilər. Lakin baş verənlərə soyuqqanlıqla və reallıq hissini itirmədən baxsaq, bu nəticəni qətiyyən uğursuzluq və ya fəlakət kimi qiymətləndirmək olmaz. Əksinə, qarşımızda dayanan mənzərə böyük bir keçid dövrünün və bəlkə də daha əzəmətli uğurların ilkin addımıdır.

Futbolda hər bir komandanın müəyyən yenilənmə və yenidən qurulma mərhələsindən keçməsi qaçılmazdır. Bu gün “Qarabağ” da məhz belə bir adaptasiya prosesini yaşayır. Heyətin böyük ölçüdə yenilənməsi, yeni futbolçuların taktikaya və komanda ruhuna uyğunlaşması müəyyən zaman tələb edən amillərdir. Heyətə yeni qoşulanların və yaxın vaxtlarda gəlməsi gözlənilən digər transferlərin kollektivə tam inteqrasiya olunması üçün vaxt lazımdır. 

Avropa Liqası kimi yüksək temp və təzyiq tələb edən turnirdə bu cür yenidənqurma prosesini itkisiz başa vurmaq hər komandaya nəsib olmur. Ona görə də hazırkı durumu fəlakət deyil, komandanın böyümə sancısı kimi qəbul etmək daha doğrudur.

Yolun Konfrans Liqasında davam etməsi isə “Qarabağ” üçün əslində böyük bir imkan və strateji şansdır. Keçən mövsüm Çempionlar Liqasında yazdığı möhtəşəm tarix, göstərdiyi xarakter və Avropanın nəhənglərinə qarşı sərgilədiyi cəsarətli futbol hələ də yaddaşlardadır. Həmin təcrübə sübut etdi ki, bu klubun potensialı və iddiaları artıq tamamilə fərqli bir səviyyədədir. İndi Konfrans Liqasında mübarizə aparmaq yenilənən heyət üçün həm özünəinamı bərpa etmək, həm də oyun sistemini cilalamaq baxımından ideal bir platformadır. 

Buradakı rəqabət mühiti yeni transferlərin komandaya tez bir zamanda uyğunlaşmasına və kollektivin daha kompakt formaya düşməsinə şərait yaradacaq. “Qarabağ” bu vəziyyəti asanlıqla öz xeyrinə çevirə biləcək zəngin Avropa təcrübəsinə və müdrik baş məşqçi amilinə sahibdir. Konfrans Liqasında addım-addım irəliləyərək 1/4 finala, hətta yarımfinala qədər yüksəlmək bu komanda üçün əlçatmaz bir xəyal deyil, tamamilə real və əsaslandırılmış bir hədəfdir. 

Bəzən bir addım geri çəkilmək daha uzağa tullanmaq üçün zəmin yaradır. Dünənki məğlubiyyət son deyil, sadəcə yeni bir səhifənin açılışıdır. Tezliklə tam formasına düşəcək yenilənmiş “Qarabağ”ın Konfrans Liqasında yazacağı yeni zəfər salnaməsi, bəlkə də Azərbaycan futbolu üçün daha böyük və tarixi bir uğurun başlanğıcı olacaq.

Elmir Mustafa

0