FIFA prezidenti Canni İnfantino təşkilata rəhbərlik postunu qorumaq məqsədilə ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət etməyi planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.
Nəşrin mənbəsinin bildirdiyinə görə, İnfantino əvvəlcə ABŞ dövlət katibi ilə telefon danışığı apararaq futbolun ABŞ üçün "yumşaq güc" aləti kimi rolunu müzakirə etmək istəyirdi.
Mənbə bildirib: "Onun məqsədi dövlət katibi ilə telefon əlaqəsi yaradaraq futbolun Amerika üçün yumşaq güc vasitəsinə çevrilə biləcəyini müzakirə etmək idi. Amma hamımız bilirik ki, əsl məqsəd öz vəzifəsini qorumaqdır".
Məlumata əsasən, Donald Trampla birbaşa əlaqə yaratmaq mümkün olmadığından, İnfantino bazar ertəsi ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparacaq.
Qeyd olunur ki, FIFA prezidentinin növbəti seçkiləri 2027-ci ilin mart ayında keçiriləcək.
Əvvəlki təşəbbüs etirazla qarşılanmışdı
İyulun 28-də yayılan məlumatlara görə, Canni İnfantino dünya çempionatlarının idarə olunması üçün ayrıca şirkətin yaradılması və həmin şirkətin səhmlərinin 20–30 faizinin investorlara satılması layihəsi üzərində işləyirdi. Lakin bu təşəbbüs futbol ictimaiyyətində ciddi narazılıq doğurmuşdu. Məlumata görə, UEFA-ya üzv bütün ölkələr, o cümlədən Rusiya, layihə qəbul ediləcəyi təqdirdə 2030-cu il dünya çempionatını boykot etmək barədə yekdil qərar vermişdi. Daha sonra bu mövqeyə Asiya Futbol Konfederasiyası (AFC) və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) da qoşulmuşdu. Bunun nəticəsində FIFA sözügedən layihədən imtina edib.
Samir


