Lionel Messinin atası vəfat etdi

İDMAN
15:10 / 08.08.2026
45

Argentina millisinin kapitanı və dünya çempionu Lionel Messinin atası Xorxe Messi 68 yaşında dünyasını dəyişib.

HİT.az xəbər verir ki, Xorxe Messi uzun müddət davam edən xəstəlikdən sonra Argentinanın Rosario şəhərində yerləşən klinikalardan birində vəfat edib.

Xorxe Messi oğlunun futbolçu kimi yetişməsində və peşəkar karyerasının formalaşmasında mühüm rol oynayıb. O, Lionel Messinin “Nyuells Old Boys” akademiyasında futbola başladığı ilk illərdən etibarən onun inkişafını yaxından izləyib.

Lionel Messinin İspaniyaya köçməsi və “Barselona”nın əsas komandasında peşəkar karyerasına başlaması prosesində də atası ona böyük dəstək göstərib.

Messi uşaqlıq illərində böyümə hormonu çatışmazlığından əziyyət çəkib. Onun müalicəsi üçün lazımi imkanların tapılması istiqamətində Xorxe Messinin səyləri mühüm əhəmiyyət daşıyıb. Lionel Messinin “Barselona”ya keçidində də atası əsas rol oynayan şəxslərdən biri olub. Kataloniya klubu isə futbolçunun müalicə xərclərini qarşılayaraq onun inkişafını davam etdirməsinə şərait yaradıb.

Xorxe Messi sonrakı illərdə də oğlunun karyerasında mühüm fiqur olaraq qalıb. O, uzun müddət Lionel Messinin meydandan kənardakı əsas məsləhətçisi və nümayəndəsi kimi fəaliyyət göstərib.

İctimaiyyət qarşısında çox görünməyən Xorxe Messi daha çox kölgədə qalmağa üstünlük verib. Buna baxmayaraq, Lionel Messinin futbol karyerasının ən mühüm dönəmlərində onun yanında olub.
 

0