Bu axşam “Sabah” Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
Təmsilçimiz 3-cü təsnifat mərhələsinin cavab matçı çərçivəsində Danimarkanın “Orhus” klubu ilə qarşılaşacaq. Bakıda keçiriləcək matç saat 20:00-da başlayacaq. Oyuna maraq o qədər yüksəkdir ki, bütün biletlər satılıb. Komandamız ilk matçda 2-1 hesabı ilə məğlub olsa da, mərhələni keçəcəyinə inam yüksəkdir.
Futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlamasında “Sabah” – “Orhus” matçından gözləntilər barədə danışıb.
O bildirib ki, birinci oyundan sonra matçın hansı istiqamətdə gedəcəyini təxmin etmək olur:
“İlk oyun göstərdi ki, rəqibimiz çox güclüdür. Baxmayaraq ki, 100 faizlik qol situasiyalarını biz daha çox yaratdıq. Lakin bu qol imkanlarının yalnız birini istifadə edə bildik. “Orhus” isə əlinə keçən imkanları maksimum dərəcədə qola çevirməyi bacardı.
İki möhtəşəm qol vurdular. Yəni dolayısı yolla vurulan qollarda qapıçını günahlandırmaq ədalətsizlik olardı. Revanş matçının da sərt və gərgin keçəcəyi açıq-aşkar görünür”.
Ekspert hesab edir ki, “Sabah”ın növbəti mərhələyə çıxmaq şansları 50 faizdir:
“Məncə, hər iki komandanın şansı 50/50-yədir. Baxmayaraq ki, rəqib bir top öndədir, amma bu oyunda hər iki komandanın mərhələ adlamağa şansı var. Lakin müəyyən qədər tərəddüd etməyimə səbəb rəqibin evdə oynadığı oyunda əks-hücumlarda həddindən artıq effektivli olmasıdır.
Üstəlik, bizim buraxdığımız cüzi səhvləri maksimum dərəcədə istifadə etdilər. Yəni “Orhus” çox effektiv bir komandadır. Bundan başqa, cərimə zərbələri, küncdən zərbələr və autlardan da çox yaxşı istifadə etməyi bacarırlar”.
Aslan Kərimov qeyd edib ki, “Sabah”ın hücumda iti oynaması üstünlükdür:
“Rəqiblər “Sabah”ın qapısının qarşısında çoxaldığı anda əks-hücumlarda çox yaxşı oynamağı bacarır. Hətta ilk matçda da bu şəkildə 3 qol şansı əldə etdik. Təəssüf ki, onlardan yalnız birini dəyərləndirə bildik.
Ümumilikdə, gərgin oyun olacağı gözlənilir. Lakin azarkeş dəstəyi və sürətli hücumlar fonunda “Sabah”ın qol və qollar vurmaq şansı yüksəkdir. Düşünürəm ki, “Sabah” oyunun ilk hissəsində qol vurmalıdır. Hətta bu oyun əlavə vaxta və penaltilər seriyasına qədər də gedib çıxa bilər”.
Pərviz



