Azərbaycan çempionu “Sabah” Çempionlar Liqasında tarix yazmağa davam edir.
Hit.az bildirir ki, təmsilçimiz ötən axşam 3-cü təsnifat mərhələsinin cavab oyununda Danimarka çempionu “Orhus”u darmadağın edib.
Böyük fərq
Qarşılaşmadan 4-0 hesablı üstünlüklə ayrılan “Sabah” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Komandamıza qələbə qazandıran qolları Velko Simiç, Stiv Solvet, Coy-Lens Mikels və Xander Severina vurub. Komandamız toplamda 5-2 hesabı ilə qalib gəlib.
Matçın statistikaları
Topla oynama faizi bərabər olub. “Sabah” 90 dəqiqə ərzində rəqib qapısına toplam 29 dəfə zərbə endirib, “Orhus”da isə bu rəqəm 14 olub. Hər iki komandanın qapıçıları 5 qurtarış ediblər. Təmsilçimiz 7, danimarkalılar isə 4 dəfə küncdən zərbə yerinə yetiriblər.
Bakı klubu 366, rəqib isə 372 dəqiq pas ötürməsi edib. “Sabah” 10, “Orhus” isə 11 dəfə sərbəst vuruş yerinə yetirib. Azərbaycan çempionu 3, Danimarka çempionu isə 1 dəfə böyük şansdan yararlana bilməyib.
Bütün çempionları keçdi
Qeyd edək ki, “Sabah” ilk dəfə qatıldığı Çempionlar Liqasında ardıcıl 3 mərhələ keçməyi bacarıb. Üstəlik, bunu edə bilən ilk Azərbaycan klubudur. Təmsilçimiz ardıcıl olaraq UELS, Finlandiya və Danimarka çempionlarını mübarizədən kənarlaşdırıb.
Çempionlar Liqasının bir addımlığında
Sırada isə İsrail çempionu “Hapoel Beer-Şeva”dır. İnanırıq ki, “Sabah” üst-üstdə 4-cü çempionu da mübarizədən kənarlaşdıracaq. Komandamız “Hapoel”i də keçə biləcək gücdədir. “Sabah” bunu bacarsa, Azərbaycan futbol tarixində ilk dəfə ardıcıl 2 il Çempionlar Liqasının liqa mərhələsində təmsil olunacağıq. Beləliklə, Azərbaycan xalqı “Sabah”ın zəfər yürüşünü davam etdirəcəyini gözləyir!
Elmir Mustafa


