“Qarabağ” UEFA Konfrans Liqasında növbəti matçına çıxacaq.
Təmsilçimiz bu axşam III təsnifat mərhələsinin ikinci matçında Ukraynanın “Dinamo Kiyev” komandası ilə qarşılaşacaq. “Köhlən atlar” ilk matçda 1-0 hesabı ilə məğlub olduqları rəqibi doğma meydanda keçməyə çalışacaq.
Saat 20:00-da başlayacaq matça maraq olduqca böyükdür. “Qarabağ” növbəti mərhələyə adlamaq üçün ən azı 2 fərqlə qalib gəlməlidir. Ekspertlər və azarkeşlər isə Qurban Qurbanovun komandasının bu işin öhdəsindən gələcəyinə inanırlar.
Bəs oyundan gözləntilər nələrdir?
Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlamasında bildirib ki, maraqlı və gərgin mübarizə şəraitində keçəcək oyun izləyəcəyik:
“Çünki “Dinamo Kiyev” əvvəlki parlaq günlərindən uzaq olsa da, birinci matçda qazandığı qələbə komandaya inam gətirib. Onlar çətin dövrlərini geridə qoyub Konfrans Liqasına vəsiqə qazanmaq və liqa mərhələsində oynamaq istəyirlər. Hətta şanslarının artdığını düşünürlər. Bunu Ukrayna mətbuatını və sosial şəbəkələri izləyərkən də görmək mümkündür. Yəni olduqca inamlı və həvəslidirlər”.
Lakin ekspert qeyd edib ki, eyni sözləri “Qarabağ” haqqında da demək olar:
“Əlbəttə ki, bizim komandamız da qələbə qazanacağına inanır və həvəslidir. Nəzərə almaq lazımdır ki, “Qarabağ”da yenidənqurma və yenilənmə prosesi gedir. Xeyli oyunçu gedib, çox sayda yeni futbolçu transfer olunub. Komandada futbolçuların uyğunlaşma prosesi gedir ki, bu da bir qədər vaxt tələb edə bilər. Çünki bunu birdən-birə həyata keçirmək mümkün deyil”.
Onun sözlərinə görə, səfərdəki ilk matçda kiyevlilərin qazandığı qələbəni onların yox, daha çox bizim “əməyimiz” kimi qiymətləndirmək olar:
“Qapımıza vurulan qolun istər orta xətt futbolçusunun, istər müdafiəçilərin, istərsə də qapıçının anlaşılmazlığı və fərdi, kobud səhvləri nəticəsində vurulduğunu görə bilərik. Ümumilikdə oyunun daha yaxşı hissələrini keçirən tərəf də “Qarabağ” idi, lakin şanslardan istifadə edə bilməməyi ilə yadda qaldı”.
Kənan Məstəliyev diqqətə çatdırıb ki, ilk oyundakı 1-0 hesablı nəticəni rəqibin üstünlüyü kimi qiymətləndirmək düzgün deyil:
“Çünki “Qarabağ” daha güclü və daha yaxşı futbol nümayiş etdirən komandadır. Cavab oyununu doğma meydanda keçirəcəyik. Azarkeş dəstəyimiz böyük olacaq və daha istəkli oynayacağıq. Mətbuat konfransında baş məşqçi Qurban Qurbanov da inamlı danışdı; ilk matçdakı səhvləri və çatışmazlıqları ikinci oyunda aradan qaldıracaqlarını bildirdi.
Komanda oyuna tam hazır görünür. Qələbə qazanmaq şansımız heç də az deyil. Matçın favoriti şübhəsiz ki, “Qarabağ”dır və qələbəyə daha yaxın tərəf də odur. İnanıram ki, bu qarşılaşmada qələbə qazanan və mərhələni adlayan tərəf məhz biz olacağıq”.
Elmir Mustafa


