"Qarabağ"dan mükəmməl geridönüş!

İDMAN
10:30 / 14.08.2026
201

Ötən axşam "Qarabağ" Avropada daha bir unudulmaz matç oynadı. 

Hit.az bildirir ki, komandamız UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın "Dinamo Kiyev" klubu ilə qarşılaşdı. 

Matç klubumuzun 2-0 hesablı qələbəsi ilə başa çatdı. Bununla da ümumi hesabda 2-1 öndə olan "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazandı. 

"Qarabağ" bütün oyun boyu rəqibini üstələməyi bacardı. İlk oyundakı "Qarabağ"la dünənki komanda arasında böyük fərq var idi. "Köhlən atlar" Polşada etdikləri səhvləri etmədilər və nəticədə qələbə qazanan tərəf oldular. Üstəlik, "Qarabağ" həmişə öyrəşdiyimiz - öndə pressinq edən, topa sahib olan, təhlükəli epizodlar yaradan və qapıya çox sayda zərbə endirən komanda kimliyinə qayıtdı. Bu, "Qarabağ"ın geridönüşü idi! Özü də necə mükəmməl geridönüş! 

Görünür, artıq yeni transferlər müəyyən qədər bir-birlərini tanımağa başlayıblar. Adaptasiya prosesi tam başa çatdıqdan sonra isə Ağdam təmsilçisinin daha rahat qələbələr əldə edəcəyi şübhə doğurmur. 

Pley-off mərhələsindəki rəqib isə Niderlandın "Tvente" klubudur. İnanırıq ki, "Qarabağ" bu işin də öhdəsindən gələcək və Konfrans Liqasının liqa mərhələsinə yüksələcək. Hər il avrokuboklarda izləməyə öyrəşdiyimiz komandanı bu il də Konfrans Liqasında görmə ehtimalımız yüksəkdir. 

Üstəlik, "Qarabağ"ın Konfrans Liqasında xeyli irəliləmə potensialı da var. Ona görə də "Tvente" əngəlini keçmək lazımdır. Qurban Qurbanovun uğurlu taktikası ilə Azərbaycan futbolu üçün yeni mərhələ başladacaq zəfəri gözləyirik! Biz sizə inanırıq, "Qarabağ"! 

Elmir Mustafa 

0