“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyunlardan danışdı

İDMAN
09:27 / 17.08.2026
51

“Tvente”nin baş məşqçisi Con van den Brom Niderland çempionatında “PEK Zvolle” ilə oyundan (3:1) sonra komandasının çıxışını və qarşıdakı “Qarabağ” matçlarını şərh edib.

QOL.az Niderland mediasına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

“Yenidən “Tvente”nin oyunundan zövq ala bildik. Meydanda komanda kimi idik. Görmək istədiyimiz də budur - təşəbbüs, temp və yüksək intensivlik. Rəqibi oyundan salmaq. Bunu etdik”.

Van den Brom ilk hissədə tribunlardan narazı səslərin gəldiyini də qeyd edib:

“Yaxşı oynayırdıq, amma hesabda geri düşdük və buna reaksiyanın olduğunu hiss edirsən. Futbolçular da buna reaksiya verir, bəlkə də əvvəlkindən bir az daha əsəbiləşirlər. “De Qrolş Veste”də azarkeşlərin bizə necə dəstək olduğunu yüksək qiymətləndirirəm”.

Baş məşqçi “Qarabağ”la qarşıdakı iki oyunun komanda üçün həlledici əhəmiyyət daşıdığını və azarkeşlərin dəstəyinə inandıqlarını vurğulayıb: “Azarkeşlərin cümə axşamı ‘Qarabağ’la oyunda da bizi dəstəkləyəcəklərinə inanıram. Qarşıda iki həlledici görüş var. Qışa qədər Avropada qalacağıq, yoxsa mübarizəni dayandıracağıq? Dəstəyi yenidən görəcəyimizə demək olar ki, əminəm”.

Mütəxəssis həmçinin hücumçular arasında rəqabətlə bağlı danışıb və Sem Lammers, Vout Veqhorst və Lukas Venneqor of Hesselinkin hər üçünün komandada vacib olduğunu bildirib.

Xatırladaq ki, “Tvente” ilə “Qarabağ”arasında ilk oyun avqustun 20-də Enshededə, cavab matçı isə avqustun 27-də Bakıda olacaq.

0