Salah “Trabzonspor”da uğurlu ola bilər?

İDMAN
14:51 / 17.08.2026
230

Türkiyənin “Trabzonspor” klubunun Məhəmməd Salahı transfer etməsi həftələrdir dünyanın gündəmindədir.

Onun hava limanında qarşılanmasındakı və imza mərasimindəki böyük izdiham dünya medialarında manşetdən yayımlanıb. Üstəlik, Salah transferindən sonra Trabzona böyük turist axını gözlənilir. Artıq Misir və İrandan Trabzona birbaşa uçuşlara başlanılacağı açıqlanıb. Bu sayın artacağı gözlənilir. 


Bundan əlavə, Salaha görə Türkiyə Super Liqasının yayım haqlarının satın alan ölkələrin sayının artması da diqqət çəkir. Eyni zamanda, forma və bilet satışlarının da pik həddə olması bu transferə marağın necə böyük olduğunu göstərir. Görünən odur ki, Salah transferi ilə həm “Trabzonspor”un, həm Trabzon şəhərinin, həm də Türkiyə Super Liqasının dünyadakı populyarlığı kəskin artacaq...

“CBC Sport” telekanalının və “Footcast TV”nin aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov Hit.az-a açıqlama verib.

O bildirib ki, “Trabzonspor” Məhəmməd Salahı transfer etməklə həqiqətən də dünya futbol ictimaiyyətində böyük populyarlıq qazandı:
“Təbii ki, bu həm Trabzon şəhərinin, həm də Qaradəniz bölgəsinin dünya çapında tanıdılmasında böyük rol oynayacaq. Artıq Tarbzonun tarixi, mədəni abidələri və şəhərə xas olan çox önəmli detallar artıq dünya mediasında tirajlanmaqdadır.

“Trabzonspor”un son olaraq çəkdiyi tanıtım çarxı belə da çox böyük maraqla qarşılandı. Orada bir növ Salahın “Trabzonspor” camiəsi üçün perspektivdə görəcəyi işlər və həmin o istiqanlılıq, ona olan isti yanaşma nəinki futbol azarkeşləri, müxtəlif yaş kateqoriyasında olan həm kişi, həm qadınlar üçün də çox önəmli bir profil olaraq göstərildi. Əlbəttə ki, Salah da bunun müqabilində əlindən gələni etməyə çalışacaq”.

Ekspert qeyd edib ki, Salah “Trabzonspor”a faydalı ola bilər:
“Salah futbolçu olaraq bəlkə də 5-6 il əvvəlki kimi deyil. Lakin oyun təcrübəsi, zəkası, meydanda görə biləcəyi işlərlə komandaya nə qədər dəstək lazım olacaqsa, onu icra etməyə çalışacaq. Çünki 34 yaşlı futbolçu xarakter və profil olaraq çox keyfiyyətli bir insandır. 

Məncə, Salah səviyyəsində futbolçunun Super Liqaya gəlməsi türk futbolu üçün də çox önəmlidir. Xüsusilə Salah avrokuboklarda daha çox diqqət mərkəzində olacaq. Dünya çempionatında da izlədik ki, o, hələ də çox formada olan bir oyunçudur. Formasında qalmağı bacaran, özünə yaxşı baxan və daim özünü formada saxlayan bir profildir”.

Elçin Cəfərov vurğulayıb ki, Salah “Trabzonspor” üçün çox önəmli transferdir:
“Təbii ki, burada iş yenə də baş məşqçi Fatih Tekkeyə qalır. O, misirli ulduzdan düzgün şəkildə faydalanmalıdır. “Trabzonspor” faktiki olaraq Məhəmməd Salah transferi ilə artıq meydandan kənarda çox önəmli bir işə imza atıb. İndi Salahın meydanda öyrəşdiyimiz performasını sərgiləməsi qalır”.

Elmir Mustafa

0