“Sabah” pley-offu keçə biləcək? - PROQNOZ

İDMAN
12:44 / 19.08.2026
280

Bu gün Azərbaycan çempionu “Sabah” Çempionlar Liqasında növbəti matçına çıxacaq. 

Təmsilçimiz pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşacaq. Rumıniyanın paytaxtı Buxarest şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Sabah” səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq.

Maraqlıdır, oyundan gözləntilər nələrdir? “Sabah” pley-off mərhələsini keçə bilərmi?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən futbol eksperti Aslan Kərimov bildirib ki, “Hapoel” “Sabah”ın bu mərhələyə qədər qarşıladığı ən güclü rəqibdir:


“Hər mərhələ keçdikcə daha keyfiyyətli rəqiblər gəlir. Bu da artıq pley-off mərhələsi olduğu üçün İsrail çempionu kimi güclü rəqiblə qarşılaşacağıq. Hesab edirəm ki, İsrail təmsilçisi çox ciddi rəqibdir.

Ən azından “Srvena Zvezda” ilə oyuna baxdıqda, “Sabah”ın oyun nizam-intizamını qoruyub saxlayan, bir çox mövqelərində legioner oyunçularla komplektləşmiş bir heyətə qarşı oynayacağını görərik. Üstəlik, bu komandanın qol vurmaq bacarıqları da yüksəkdir. “Srvena Zvezda” kimi Serbiyanın tanınmış bir komandasını geridə qoymağı bacarıblarsa, bu, onların gücündən xəbər verən amildir”.

Lakin ekspert qeyd edib ki, “Sabah”ın göstərdiyi oyun İsrail çempionuna qarşı da yaxşı oynayacağına dair ümid verir:
“Bizim üstün tərəflərimizdən biri odur ki, hücum xəttimiz həddindən artıq iti oynamağı bacarır. Əgər israillilər müdafiədə bir az boşluq versələr, bu boşluqlardan istifadə edəcəyik. Xüsusilə də “Sabah” cinah müdafiəçilərinin aktiv hücumda iştirakı və çox iti oynamaları, habelə meydanın mərkəzində pas verməyi bacaran oyunçulara malikdir. 

Bu gedişlərin sonunda da komandamız iti oyunla rəqibin qapısı qarşısında qol imkanları yaradır. Düzdür, son matçlarda “Sabah” əldə etdiyi imkanların çox azını qola çevirib. Lakin son matçda bu uğursuzluğa da son verdik”.

Onun sözlərinə görə, ehtiyat etdiyimiz məqamlardan biri rəqibin əks-hücumlarıdır və yaxud biz topu itirdiyimiz zaman müdafiəyə keçidimizdə problemlər yaşaya bilərik: 
“Çünki keçmiş oyunlara və “Sabah”ın buraxdığı qollara nəzər salsaq, görəcəyik ki, ani top itkisində toparlanmağı bacarmırıq. Dağınıq strukturdan o kompaktlığı yaratmaqda bəzən gecikdiyimiz məqamlar olur və rəqib də bunlardan məharətlə istifadə edə bilir. 

“Hapoel” də belə komandalardan olduğu üçün bu cür boşluqları bağışlayacağını və ya səhvlərdən istifadə etməyəcəyinə inanmıram. Ona görə də diqqət yetirəcəyimiz əsas amil müdafiəyə keçiddir. Təbii ki, standart vəziyyətlər həm bizim, həm də onlar üçün çıxış yoludur. İstənilən standart vəziyyətdən qol da vurmuşuq, bizə də qol vurublar. Yəni bu, bizim üçün çıxış yolu ola biləcəyi kimi, təhlükə də yarada bilər”.

Aslan Kərimov hesab edir ki, şanslar bərabərdir:
“Bəlkə də səfərdəki oyunda israillilər üstün tərəf və oyunun favoriti kimi 55-in 45-ə faiz nisbəti ilə öndə ola bilərlər. Lakin iki oyunun cəmini götürsək, Bakıda da biz üstünlük təşkil edəcəyik. Ümumilikdə, şansların bərabər olduğunu düşünürəm. Yəni artıq xırda detallar və cüzi səhvlər bu iki oyunun nəticəsinə təsir edəcək”.

Elmir Mustafa 

0