Müasir dövrdə uşaqların idmana marağının əvvəlki illərlə müqayisədə azalmasını müşahidə etmək elə də çətin deyil.
Xüsusilə oğlan uşaqlarının vaxtilə məhəllələrdə, həyətlərdə, küçələrdə oynadıqları futbol, qaçış və müxtəlif hərəkətli oyunların yerini bu gün getdikcə daha çox telefon, kompüter və sosial şəbəkələr tutur.
Nəzərə almaq lazımdır ki, idman uşağın həyatında ayrıca fəaliyyət deyil, həyat tərzinin təbii komponentlərindən biri idi. Bu gün isə fiziki aktivlik getdikcə planlaşdırılmış məşğələyə çevrilir. Belə ki, uşağı müəyyən saatda idman bölməsinə aparmaq, məşqə yazdırmaq, onu motivasiya etmək lazımdır.
Burada rəqəmsal dünyanın yaratdığı rəqabət də ciddi rol oynayır. Telefon və kompüter oyunları uşağa çox sürətli əyləncə və ani mükafat verir. İdmanda isə nəticə üçün zaman, zəhmət, davamlılıq və bəzən də uğursuzluğa dözmək tələb olunur. Uşaq üçün ekranda bir neçə saniyə ərzində əldə etdiyi emosiyanı idman meydançasında qazanmaq daha çox səy tələb edir. Bu isə rəqəmsal əyləncəni daha cəlbedici edə bilir.
Digər tərəfdən, müasir şəhər həyatı da uşağın sərbəst hərəkət imkanlarını məhdudlaşdırıb. Təhlükəsiz oyun məkanlarının kifayət qədər olmaması, uşağın küçədə və həyətdə əvvəlki kimi sərbəst oynamaması, gündəlik həyatın daha qapalı və nəzarətli olması fiziki aktivliyin azalmasına təsir göstərir. Beləliklə, uşaq həm ekrana daha çox yaxınlaşır, həm də hərəkət üçün əvvəlki təbii imkanlarını itirir.
Unutmaq lazım deyil ki, idman uşağın yalnız fiziki inkişafına deyil, onun xarakterinin formalaşmasına da təsir göstərən mühüm vasitələrdən biridir. Məsələn, komanda oyunlarında uşaq müəyyən qaydalara əməl etməyi, komanda yoldaşının fikrinə hörmətlə yanaşmağı, üzərinə düşən məsuliyyəti yerinə yetirməyi və qarşılıqlı əməkdaşlıq etməyi öyrənir.
Bu proses zaman keçdikcə uşağın gündəlik həyatında da özünü göstərir və onda intizam, məsuliyyət və vaxtdan düzgün istifadə vərdişlərinin yaranmasına şərait yaradır.
İdmanın başqa bir mühüm tərəfi uşağın sosial çevrəsinin genişlənməsidir. Xüsusilə ünsiyyətə başlamaqda çətinlik çəkən və daha sakit xarakterli uşaqlar üçün komanda daxilində olmaq yeni insanlarla münasibət qurmaq baxımından yaxşı imkan yaradır.
Eyni məşq prosesini paylaşan, birlikdə yarışan və uğur qazanmağa çalışan uşaqlar arasında zamanla qarşılıqlı bağlılıq yaranır. Beləliklə, idman meydanı uşağın həmyaşıdları ilə ünsiyyət qurduğu və sosial bacarıqlarını inkişaf etdirdiyi mühüm mühitə çevrilə bilər. Bu səbəbdən də valideynlər övladının idmanla məşğul olmasında maraqlı olmalıdır.
Günel Cəlilova


