Bu gün “Qarabağ” Konfrans Liqasında növbəti matçına çıxacaq.
Təmsilçimiz pley-off mərhələsində Niderlandın “Tvente” klubu ilə qarşılaşacaq. Səfərdə keçiriləcək ilk matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandamız səfərdə sərfəli nəticə qazanmaq üçün çalışacaq.
Bəs oyundan gözləntilər nələrdir? “Qarabağ” pley-off mərhələsini keçə bilərmi?
Futbol eksperti Mehman Süleymanov Hit.az-a açıqlamasında bildirib ki, “Qarabağ” bu axşam ona çox yaxşı tanış olan rəqiblə qarşılaşacaq:
“Buna qədər “Tvente” ilə iki duelimiz olub. Bunların hamısı pley-off mərhələsinə təsadüf edib, sadəcə əvvəlkilər Avropa Liqasında olub. Birində, 2009-cu ildə mərhələ adlaya bilməmişiksə, 5 il sonra iki oyunun nəticəsinə əsasən, 2014-cü ildə tarix yazmışıq.
Məhz bu axşam meydana çıxacağı “Tvente” stadionunda olan 1:1-lik bərabərlik, səfər qolu səbəbindən bizi cütün qalibi eləmişdi. “Qarabağ” ilk dəfə məhz onda qrupa düşmüşdü. Ondan bu yana da 12 illik seriya davam edir. İnşallah, bu dəfə də davam edəcəyini gözləyirik”.
Lakin ekspert qeyd edib ki, bu dəfə “Qarabağ”ın işi çox çətindir:
“Çünki hazırda “Qarabağ”da heyətlə bağlı çox ciddi problemlər və itkilər var. Məsələn, Zakaria Savo və Elvin Cəfərquliyev “Tvente” ilə matçlarda olmayacaq. Üstəlik, Abdulla Zubirlə də yollar ayrıldı. İtkilər çoxdur, əsasən də bunlar hücum xətti ilə bağlıdır. Buna rəğmən, yenə də “Qarabağ”a güvənirik. Onun baş məşqçisi Qurban Qurbanov çox təcrübəli mütəxəssisdir, artıq 16 ildir komandanın başındadır. Ancaq dediyim reallıqlar da var”.
Mehman Süleymanov diqqətə çatdırıb ki, “Tvente” hazırda çox yaxşı formadadır:
“Bu mənada bizə ilk matçda qələbə qazanmaq çox çətin olacaq. Ən yaxşı halda çalışmalıyıq ki, sərfəli nəticə ilə dönək ki, Bakıdakı matçda liqa mərhələsinə düşmək üçün şansımız olsun. Yəni Tofiq Bəhrəmov adına Respublika Stadionunda bir həftə sonrakı matçın formal xarakter daşımaması üçün bu gün “Qarabağ”ın təcrübəsinə güvənərək əlindən gələni edəcəyinə inanırıq”.
Elmir Mustafa


