Ötən axşam “Qarabağ” avrokuboklarda növbəti matçına çıxdı.
Hit.az xəbər verir ki, komandamız UEFA Konfrans Liqasının pley-off mərhələsində səfərdə Niderlandın “Tvente” klubu ilə qarşılaşdı.
Açığı, oyundan əvvəl “Qarabağ”ın qələbə qazanacağına ümidlər çox az idi. Bunun səbəbi heyətin tamamilə yenilənmiş olmasıdır. Çünki oyunçuların bir-birinə uyğunlaşması üçün zaman lazımdır. Üstəlik, hələ başqa transferlərin də olma ehtimalı var. Bununla yanaşı, Zakaria Savo, Elvin Cəfərquliyev, Renaldo Sefas və Pedro Bikalyo kimi futbolçular da heyətdə yox idi. Rəqibin isə olduqca formada olması diqqət çəkirdi.
Belə olan halda, komandamızdan səfərdə ən yaxşı halda bərabərlik gözləyirdik. Qələbəyə isə indiki vəziyyətdə möcüzə kimi baxanlar az deyildi. Lakin baş məşqçi Qurban Qurbanov amili bir daha öz sözünü dedi. Onun rəqibi düzgün analiz etməsi və taktiki gedişləri bu möcüzəni reallığa çevirməyi bacardı. Həqiqətən “Qarabağ”ın ən zəif dönəmində belə məhdud sayda futbolçu ilə səfərdə “Tvente” kimi güclü bir komandanı məğlub etməsi çox böyük uğurdur. Bunu da ancaq “Qarabağ” və Qurban Qurbanov bacarardı!
Matçın statistikaları:
Ev sahibi “Tvente” 61-39 faiz nisbəti ilə topla oynamada öndə olub. Onlar qapıya zərbələrdə də üstünlük qurub: 21-7. Qapıçı qurtarışlarında isə “Qarabağ” rəqibini qabaqlayıb. Komandamızda Zlomisiçliç 5, rəqibdə isə Unnerstall 3 qurtarış edib. Niderlandlılar 523, “köhlən atlar” isə 343 dəfə dəqiq pas ötürməyi bacarıblar. Ev sahibləri olduqca kobud oynayıb və 13 dəfə qaydanı pozub. Futbolçularımız isə cəmi 4 dəfə qayda pozuntusu edib.
“Tvente” 5, “Qarabağ” oyunçuları isə 1 dəfə sarı vərəqə alıb. Bundan başqa, meydan sahibləri 2, qonaqlar isə 1 dəfə böyük şansı qaçırıb. Göründüyü kimi, “Tvente” bütün statistikalarda öndə olsa da, “Qarabağ” bu qədər itkiyə və ən zəif dönəmində olmasına rəğmən, Niderland nəhəngini səfərdə məğlub etməyi bacarıb. Bu, çox böyük nailiyyətdir.
“Tvente” üzərində ilk qələbə
“Qarabağ” indiyə kimi rəsmi oyunlarda “Tvente” ilə 4 dəfə qarşılaşmışdı. Onların hamısı Avropa Liqasının pley-off mərhələsinə təsadüf edirdi. Həmin matçların 3-ü bərabərliklə bitmiş, birini isə Niderland təmsilçisi qazanmışdı. Həmçinin, bu komandalar arasında 2 dəfə də yoldaşlıq görüşü keçririlib. Həmin oyunların birində biz, digərində isə rəqib qələbə qazanıb. Yəni dünənki matçla birlikdə “Qarabağ” ilk dəfə rəsmi oyunda “Tvente”ni məğlub etməyi bacardı.
Beləliklə, gələn həftə Bakıda oynayacağımız matça böyük avantajla çıxacacağıq. İstənilən qələbə və hətta bərabərliklə turu keçən tərəf biz olacağıq. “Qarabağ”ın Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanma ehtimalları kifayət qədər yüksəlib. Qurban Qurbanovun komandasının bu işin də öhdəsindən gələcəyinə ürəkdən inanırıq!
Elmir Mustafa


