"Qarabağ"la "Neftçi" "Mançester Siti"nin sabiq üzvünü istəyir

İDMAN
11:29 / 21.08.2026
51

Cənubi Kiprin APOEL klubunun braziliyalı yarımmüdafiəçi Dieqo Rosa Azərbaycanın iki klubdan təklif alıb.

Qaynarinfo Cənubi Kipr mediasına istinadən xəbər verir ki, futbolçu ilə ilk olaraq "Neftçi" maraqlanıb. Paytaxt klubu Rosanı ödənişsiz icarəyə götürməyi və yalnız onun müqavilə üzrə maaşını ödəməyi təklif edib. Bu variant APOEL üçün kifayət qədər cəlbedici olmadığı üçün tərəflər arasında razılaşma əldə olunmayıb.

Daha sonra prosesə "Qarabağ" qoşulub. Ağdam təmsilçisinin təklifi bir mövsümlük icarə üçün 150 min avro ödənilməsini nəzərdə tutub. Razılaşmaya görə, Rosa "Qarabağ"ın oyunlarının ən azı 50 faizində iştirak edəcəyi halda, onun transfer hüquqlarının alınması üçün əlavə 850 min avro ödənilməli idi. Beləliklə, sövdələşmənin ümumi məbləği 1 milyon avroya çata bilərdi.

Lakin APOEL-in Rosanın əvvəlki klubu "Baya" ilə 2025-ci ildə bağladığı müqavilədəki xüsusi şərt bu təklifin qəbulunu çətinləşdirir. Razılaşmaya əsasən, futbolçunun 1 milyon avroyadək satışından əldə olunan məbləğin hamısı "Baya"ya çatmalıdır. 1-2 milyon avro arasındakı hissə APOEL-in payına düşür. Satış məbləği 2 milyon avronu keçərsə, artıq qalan vəsait iki klub arasında 50-50 nisbətində bölüşdürülür.

Bu səbəbdən APOEL Rosanı təxminən 1 milyon avroya birdəfəlik satmaqda maliyyə baxımından maraqlı deyil. Cənubi Kipr klubu "Qarabağ"ın hazırkı təklifini yekun razılaşma üçün yetərli hesab etmir və daha sərfəli şərtlərlə yeni təklif gözləyir.

APOEL eyni zamanda digər ölkələrdən gələn mümkün təklifləri də araşdırır. Rosanın Braziliyaya qayıtması variantı da istisna edilmir. Klub transfer qərarı zamanı futbolçunun öz istəyini də nəzərə almağa hazırdır.

Rosanın satışından əldə ediləcək mümkün gəlirin APOEL üçün başqa əhəmiyyəti də var. Klubun rəhbərliyi futbolçu satışından əldə olunan xalis gəlirin böyük hissəsini əvvəlki illərdən qalan maliyyə öhdəliklərinin bağlanmasına yönəltməyi öhdəsinə götürüb. Bu səbəbdən braziliyalı yarımmüdafiəçinin transferi həm APOEL-in heyət planlaması, həm də klubun maliyyə vəziyyətinin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, Rosa 2021-ci ildə Braziliyanın "Qremio" klubundan 6 milyon avroya "Mançester Siti"yə transfer olunub. Bir müddət Belçikanın "Lommel" və Portuqaliyanın "Vizela" klublarına icarəyə verilib, 2023-cü ildə "Baya"ya transfer edilib. Bir müddət müxtəlif klublara icarəyə verilib və 2025-ci ildə APOEL-ə keçib. O, Braziliyanın U-16 və U-17 yığmalarında da çıxış edib.

0