“Sabah”ın tarixi uğuru RƏQƏMLƏRLƏ

İDMAN
11:45 / 26.08.2026
249

Azərbaycan çempionu “Sabah” ötən axşam Çempionlar Liqasında növbəti dəfə tarix yazdı.

Hit.az xəbər verir ki, komandamız Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı.

Oyundan:

"Sabah" Tofiq Bəhramov adına Respublika stadionunda ilk oyunda 2-1 hesabı ilə məğlub olduğu İsrail çempionu “Hapoel”i (Beer-Şeva) qəbul etdi. Oyuna yaxşı başlamadıq və 3-cü dəqiqədə qapımızda qol gördük. Lakin xoşbəxtlikdən VAR-ın müdaxiləsi ilə oyundankənar vəziyyət səbəbilə qol ləğv olundu. Lakin 10-cu dəqiqədə hesabda geri düşdük. Buna rəğmən, 38-ci dəqiqədə “Sabah”ın yeni transferi Kristian Nvaçukvu ilə hesabı bərabərlişdirməyə nail olduq. İlk hissə bərabərə bitsə də, 61-ci dəqiqədə qapıçımızın xətası nəticəsində “Hapoel” yenidən hesabda önə keçdi. Matçı izləyənlərin bir çoxu artıq “Sabah”ın şanslarının bitdiyini düşünsə də əski baş verdi. 

Öncə 74-cü dəqiqədə Umarali Raxmonəliyev hesabı bərabərləşdirdi və təmsilçimiz bütün gücünü ortaya qoyaraq təkqapı oynamağa başladı. Bu böyük təzyiqin sonunda 90+4-cü dəqiqədə Tellur Mütəllimovla 3-2 öndə keçdik və ümumi nəticə 4-4 oldu. Beləliklə, oyun əlavə vaxta getdi. Əlavə vaxtda da çox üstün oynayan “Sabah”-da 101-ci dəqiqədə Mbina, 115-ci dəqiqədə isə Mikels fərqləndi. Nəticədə, “Sabah” İsrail çempionunu Bakıda 5-2 hesabı ilə darmadağın etdi. Ümumi hesab isə 6-4 oldu. 

Matçın statistikaları:
“Sabah” topla oynamada 54-46 faiz nisbəti ilə rəqibini qabaqladı. Təmsilçimiz toplam 35 dəfə qapıya zərbə endirdi, rəqibdə isə bu say 14-dür. Künc zərbələrdə də komandamız üstün oldu: 11-3. Dəqiq pas ötürmələrində də üstün olan tərəf dəyişmədi: 590-520.

“Sabah”ın qapıçısı 3, rəqib qolkiper isə 8 qurtarış etdi. Paytaxt klubu 9, İsrail təmsilçisi isı 1 böyük şansdan yararlana bilmədi. Qapıya gedən dəqiq zərbə sayında da biz öndə idik: 13-5. Beləliklə, “Sabah” bütün statistikalarda rəqibini xeyli qabaqlamağı bacardı. 

“Sabah” çempionları keçdi:
Azərbaycan çempionu bu mövsüm Çempionlar Liqasında UELS, Finlandiya, Danimarka və İsrail çempionlarını mübarizdən kənarlaşdırdı. Bu, ölkə futbolunun inkişafı üçün də çox böyük məna kəsb edir.

Üstəlik, “Sabah” birinci dəfə qatıldığı Çempionlar Liqasındaca bütün mərhələləri keçib, əsas liqaya yüksələn ilk Azərbaycan klubu oldu. Bundan əlavə, Bakı klubu bir mövsümdə təsnifat və pley-off mərhələlərində 6 qələbə qazanan ilk komandamız kimi də tarixə düşdü.

Beləliklə, fəxrimiz “Sabah”a Çempionlar Liqasının əsas mərhələsində bol uğur arzulayırıq. Komandamızın tarixi nəticələrini davam etdirəcəyinə inanırıq!

Elmir Mustafa

0