Azərbaycan Premyer Liqasında QADAĞALAR

16:42 / 05.06.2020
1189

Peşəkar Futbol Liqası koronavirus səbəbiylə dayandırılmış Azərbaycan Premyer Liqasının cari mövsümünün Əsasnaməsinə əlavələr edib.

HİT.Az PFL-ə istinadən xəbər verir ki, dəyişikliyi qurumun prezidenti Ramin Musayev təsdiqləyib. Dəyişikliyə görə, oyunlarda bəzi qadağalar tətbiq ediləcək. Belə ki, oyunun startından əvvəl salamlaşmaq, vımpel dəyişmək, kollektiv şəkil çəkdirmək, hakimlərin oyundan əvvəl bir-birinə dəstək salamlaşması ləğv olunub.

Bundan başqa, fasilə zamanı oyunçulara paltardəyişmə otağına getməmələri və stadionda dincəlmələri tövsiyə olunub (ciddi zərurət olmadığı təqdirdə). Komandalar paltardəyişmə otağına gedəcəklərsə, bu, növbəli şəkildə və sosial məsafə qorunmaqla edilməlidir. 1-ci meydan sahibi, sonra qonaq komanda stadionu tərk etməlidir.

Oyunçulara qol sevincini fərdi qeyd etmək tövsiyə olunub. Oyundan sonra sağollaşmalar təmassız edilməlidir.

Matçdan sonra paltardəyişmə və duş otaqlarında sosial məsafənin qorunması, eləcə də, meydan sahibi komandanın oyunçularına klubun bazasındakı otaqlarda duş qəbul etmələri tövsiyə olunub.

Bundan başqa, oyundan öncə hər iki komandanın əvvəlki qaydada tuneldə yoxlanış üçün düzülməsi qadağan edilib. Yoxlanış hər iki komandanın paltardəyişmə otağının önündə gerçəkləşdiriləcək.

Bu zaman futbolçular, eləcə də futbolçularla hakimlər arasında sosial məsafənin qorunması vacibdir. Köməkçi hakim tibbi maska taxmalıdır. Geyim formasında hər hansı problem varsa belə, oyunlar nəzərdə tutulan vaxtda başlayacaq. Ən pis halda hansısa komanda az sayda oyunçu ilə (qapıçı xaric) oyuna başlamalıdır. Bu insanların kütlə şəklində uzun müddət birlikdə qalmasının qarşısını alır. Futbolçu formasında yaranmış nasazlığı aradan qaldırdıqdan sonra oyuna qoşula bilər. 

İlk olaraq meydan sahibi komanda yoxlanılmalı və meydana daxil olmalıdır. 

Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.

0