"Sumqayıt"la olan müqaviləsinin müddəti başa çatan Əmir Ağayev klub prezidenti Riad Rəfiyevin yeni anlaşma təklifini növbəti dəfə geri çevirib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, daha iddialı klubda oynamaq istədiyini və "kimyaçılar"ın təklif etdiyi müqavilənin şərtlərinin onu qane etmədiyini bildirib.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun istəyi ilə "Sumqayıt"a gətirilən futbolçu "kimyaçılar"ın rəhbərliyinə Azərbaycan və İsrail klublarından 2 real çağırış aldığını deyib. Yəhudi oyunçu "Sumqayıt"dan ayrılmağı peşəkar inkişaf baxımından daha doğru seçim saydığını bildirib.
Yeri gəlmişkən, Elxan Məmmədovla Riad Rəfiyev öz aralarında Əmirlə bağlı mövcud vəziyyəti müzakirə edib. Assosiasiya rəsmisinə futbolçunun Azərbaycan yığmasında oynamağa razılaşdığını söyləyən klub başqanı "yeni baş məşqçinin təyinatı rəsmiləşənə qədər gözləyin" cavabı alıb.
Məmmədov yığmanın "sükan"ı arxasına gətiriləcək mütəxəssislə Ağayevlə bağlı danışmağın vacibliyini və onun mövqeyini öyrənmədən Əmiri milliləşdirməyin tələsik addım olduğunu vurğulayıb.
Məsələni diqqətdə saxlayacağıq.