Hazırda Azərbaycanda olan və koronavirus pandemiyası səbəbindən sərhədlər bağlı olduğu üçün ölkəsinə gedə bilməyən ağırlıqqaldırma üzrə Tunis çempionu Karem Ben Hnia ölkəsinə müraciət edib.
"Report"un məlumatına görə, idmançı "Facebook" sosial şəbəkəsi vasitəsi ilə Tunisin səlahiyyətli nümayəndələrinə səslənib.
Ağırlıqqaldıran ölkəsinin Gənclər və İdman naziri Əhməd Kaaloul və Olimpiya Komitəsinin prezidenti Mehrez Bossiandən ölkəsinə getmək üçün kömək istəyib. Ben Haniyeh etirazını da bildirib: "Filippindən olanlar evakuasiya edildi. Bizi Azərbaycanın göndərməyini gözləyirsiniz? Nə vaxta qədər"?
Qeyd edək ki, 2019-cu il Afrika Oyunlarında 73 kq çəki dərəcəsində qızıl medal qazanmış Karem Ben Hnia hazırda baş məşqçi və 3 həmkarı ilə birlikdə Azərbaycandadır. Onlar koronavirus pandemiyasından əvvəl Bakıya təlim-məşq toplanışına gəliblər. Lakin sərhədlər bağlandığı üçün komanda üzvləri ölkəni tərk edə bilmirlər.