O da mənim kimi yaşlanmışdı və... - Rəşad Sadıqov

İDMAN
19:40 / 27.06.2020
1218

Rəşad Sadıqov

"Xatırlamıram ki, kimsə pik formasında "Qarabağ"dan gedib. Dino Ndlovu və Riçard Almeyda yaxşı formada idi, onlar gedəndə komanda üçün itki oldu".

Bu fikirləri “Report”un “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov deyib.

Karyerasını başa vuran 38 yaşlı keçmiş müdafiəçi bildirib ki, sabiq qapıçıları İbrahim Şehiçin Ağdam təmsilçisindən gedişi çox məyusedici olub. Sadıqov keçmiş oyunçuları Leroy Corcun da yaxşı formada komandanı tərk etdiyini və onlar üçün itki olduğunu xatırladıb: "Hazırda ağlıma gələn bu futbolçulardır. Ansi Aqollinin mənim kimi yaşlanması bizi üzürdü. Həmişə hamı istəyər ki, komandada yaxşı formada olan Ansi Aqolli olsun. Amma artıq o da mənim kimi yaşlanmışdı və karyerasının sonu idi".

Keçmiş oyunçu "Qarabağ"da çıxış etmiş Pedro Enrikenin də yaxşı futbolçu olduğunu sözlərinə əlavə edib: "Yaxşı formasında olan, komandaya çox xeyir verən, "Qarabağ"ın dəyərlərini başa düşən və qoruyan futbolçuların hər birinin komandada olmasını istərdim. Çox futbolçularla yollarımız ayrılıb. 3-4 oyunçu var, Çox istərdim ki, onlar bizimlə olsun. Riçard Almeydanın qayıdışına şad olaram. Həm futbolçu, həm də məşqçi kimi istəyərəm ki, komandamda elə futbolçu olsun. O qayıtsa, çox sevinərəm. Saydığım futbolçulardan əlavə "Qarabağ"da çox yaxşı futbolçularla birlikdə oynamışam".

Rəşad Sadıqov karyerası ərzində vurduğu ən yaddaqalan qolları da açıqlayıb. Keçmiş müdafiəçi iki qolu xüsusi fərqləndirib. O, "Qarabağ"ın heyətində 2009/2010 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında evdə Norveçin "Rusenburq" klubuna vurduğu qolu qeyd edib.

Millinin heyətində isə Sadıqov 2010-cu ildə AVRO-2012-nin seçmə oyununda Azərbaycan millisinin forması ilə Türkiyə yığmasının qapısından keçirdiyi qolu vurğulayıb.

0