Gürcüstanda yeganə təmsilçimiz olan Nicat Qurbanov yüksək liqada 2-ci qoluna imza atdı. Düzdür, ilk qolunun qeydə alındığı 2-ci turda bu, qələbə topu olmuşdusa, budəfəki fərqlənmək 28 yaşlı futbolçumuz üçün zəif təsəllidən başqa bir şey olmadı. Çünki Qurbanovun I Diviziondan şərəfini qoruduğu "Samtredia" son turda səfərdə "Telavi"yə 1:3 hesabıyla uduzdu.
Nicat müsahibəsində həmin oyunu şərh etməklə başladı.
- Açığı, dünən komandamız pis oynamadı. Qolları yalnız standart vəziyyətdən buraxdıq. Çoxsaylı qol şansımız da oldu. Sadəcə, bəxtsizlik yaşadıq, son nöqtəni qoya bilmədik. Düşünürəm ki, bu oyunu davam etdirib şanslardan maksimum istifadə etsək, çempionatda çox irəli gedə bilərik.
- Potensialınız varmı Avroliqa zonasına düşməyə, yoxsa ən realı debüt mövsümündə yüksək liqada yerini qorumaq olacaq?
- Bildiyiniz kimi, I Diviziondan bu il yüksək liqaya qalxmışıq. Komanda yenidi. Məqsəd də odur ki, yuxarı pillələrdə olaq, ən azından Avroliqaya vəsiqə qazanaq. Bunun üçün əlimizdən gələnin ən yaxşısını etməliyik. Komandamız hər oyuna doğrudan da ciddi hazırlaşır. Sadəcə, bəzi anlarda bəxtsizlik bu vəziyyətə gətirib çıxarır. İnşallah, gələcəkdə çatışmazlıqların üzərində işləyib, səhvlərimizi aradan qaldırmağa çalışacağıq.
- Yüksək liqada hər iki qolunu penaltidən vurmusan və belə çıxır ki, komandada ştatlı penalti vuran təyin olunmusan. Ancaq Azərbaycan karyeranda 11 metrlik cərimə zərbəsi vurmağın heç yadıma gəlir. Necə oldu ki, seçim sənin üzərində edildi?
- Düzü, baş məşqçimiz keçən ildən hər oyundan bir gün gün qabaqkı məşqdə bütün futbolçularımızı penalti vurmaq üzərində işlədir. Məndə yaxşı alınırdı və bu, çalışdırıcımızın diqqətini çəkdi. Çox şükür ki hələ ki, qaçırdığım penalti olmayıb. Azərbaycana gəlincə, yalnız əvəzedicilərin çempionatında 1-2 dəfə penalti vurmuşam. Premyer Liqada isə bu, olmayıb.
- Gürcüstanda qapıçılar penalti qaytarmaqda necədirlər? Yoxsa özünə daha çox güvənərək, zərbəndə gücə üstünlük verirsən?
- Yox, belə zərbələrə üstünlük vermirəm. Həmin anda vəziyyətə uyğun qərar verirəm. Qapıçının reaksiyasına uyğun olaraq vuracağım küncü müəyyənləşdirirəm. Bura gəlmişəm və düzünə qalsa, bəzi şeyləri özümüz üçün yenilik etmişik.
- Maraqlıdır, konkret nələri özün üçün kəşf etmisən?
- İlk növbədə özümə güvənim daha da artıb. Baş məşqçinin futbolçuya inamı çox şey deməkdir. Bu zaman oyunçu özünə çox güvənir və o sarıdan özümü yaxşı, rahat hiss edirəm.
- Azərbaycan klublarında isə sənə baş məşqçilər çox güvənmirdilər və daha çox sonradan meydana buraxırdılar. Yəni, "Samtredia"dan fərqli olaraq əsas heyət üzvü sayılmırdın, start "11-lik"də möhkəmlənə bilmirdin...
- Həmin vaxt komandada olmuşamsa, baş məşqçi mənə güvənirdi, bu sözsüzdür. Əsas heyətin üzvü olmaq isə başqa bir şeydir. Burda gördüyümdən sonra belə qənaətə gəlmişəm ki, baş məşqçinin futbolçuya əsas heyət üzvü kimi güvənməyi doğrudan da başqa bir səviyyəyə qalxmağını bildirir. Məni hücumun bütün yerlərində oynadırlar. Son oyunda əsasən sağda oynadım, axır 15 dəqiqədə sola da çəkildim, mərkəzə də. I Divizionda isə daha çox mərkəz hücumçusu kimi çıxış etdim. Pis də alınmadı. hardasa 15 oyuna 8 qol vurdum.
- Gürcüstanda koronavirusla bağlı da vəziyyət xeyli yaxşıdı...
- Bəli, çox şükür ki, burda stabillik var. Yoluxma gün ərzində 4-5 nəfər olur. Elə olur ki, ümumiyyətlə, 1-2 nəfər qeydə alınır. Bir sözlə, vəziyyət hələ ki, yaxşıdır.
- Həm virus, həm də futbol baxımından hazırda Gürcüstanda olduğuna görə özünü şanslı sayırsan? Çünki azərbaycanlı həmkarların xeyli vaxtdı futbol oynaya bilmirlər, üstəlik, koronavirus təhlükəsiylə də üz-üzə qalıblar...
- Açığı, bu barədə dünən fikirləşirdim. Doğrudan da, bir tərəfdən şanslıyam ki, burdayam. Bir tərəfdən də fikirləşirəm ki, Azərbaycana qayıtmadığım yaxşıdır. Çünki bu halda geri dönə bilməcəyəkdim. Necə ki Vətənlərinə yollanan bəzi legionerlərimiz belə aqibətlə üzləşdi. Əlbəttə, bütün bunlar baxımından, özümü çox şanslı hiss edirəm.
- Ancaq futbolsuz qaldığın aylarda maddi qazancında azalma oldu. Bildiyimə görə, məvacibləriniz 50 faiz azaldıldı...
- Elədir. Fasilə müddətində əmək haqlarımız 50 faiz kəsildi. Bu, 3 ay oldu. İndi çempionat başlayıb və gələn aydan maaşımızı 100 faiz alacağıq.
- Klub rəhbərliyinin bu qərarını anlayışla qarşılayardınız...
- Əlbəttə, anlayışla qarşılamaq lazımdır. Çünki klub rəhbərliyinin də nəsə biznesi var və orda işləri yaxşı getmir. Ümumi fikirləşəndə hamı bu vəziyyəti başa düşür.
- Bilirəm ki, çempionatınız bərpa olunduğunuz müddətdə koronavirus testi verərək oteldə karantində oldunuz və bu müddətdə ailəni görə bilmədin. Körpə uşağının da olduğu nəzərə alsaq, ailə qayğılarını necə yoluna qoymusan?
- Üç həftə karantində olduq. Sağ olsun, buranın federasiyası, mənimlə bağlı icasə aldılar, həftədə 1 dəfə evə gedib-gəlirdim. Çünki vurğuladığınız kimi, körpə uşağım var, məni başa düşdülər. Özləri aparırdılar, səhər də qaldığımız otelə gətirirdilər. Belə problem olmurdu, sadəcə, artıq kənara çıxa bilmirdim. Yalnız ailəmi görürdüm və düşərgəyə qayıdırdım. Allaha şükür, artıq burda karantin bitdi və indi evimizdə, aiəmizin yanında olacağıq, normal şəkildə məşqə gedib-gələcəyik (sport24.az).