Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyinatı gözlənilən italiyalı Canni de Byazinin müsahibəsi:
- Sizi artıq Azərbaycan millisinə baş məşqçi təyinatınızla bağlı təbrik etmək olar?
- Əlbəttə, məni təbrik edə bilərsiniz. Ümid edirəm ki, işim uğurlu alınacaq.
- Bir müddət öncə İtaliyada olmadığınızı demişdiniz. Hər kəs Bakıya gəldiyinizi düşünürdü. Maraqlıdır, hazırda haradasınız?
- İndi İtaliyadayam.
- Bakıya nə vaxt gələcəksiniz?
- Ola bilər ki, avqustun ilk günlərində ölkənizdə olum.
- İtaliya mətbuatında Benni Karbone və Klaudio Beluççinin köməkçiniz olacağı yazılıb...
- Bəli, doğru məlumatdır.
- Bəs Ansi Aqolli?
- İndiki halda bu, mümkün deyil. Çünki klubu ilə müqaviləsi var.
- Gələcəkdə bu istəyiniz reallaşa bilər?
- Bəli, Aqollini məşqçilər korpusunda görmək istərdim.
- Mətbuatda Azərbaycan millisindəki 1,5 il müddətində məvacibinizin 900 000 avro olacağı ilə bağlı xəbərlər yayılıb. Hətta əlavə mükafat alacağınız da vurğulanıb. Bu, nə dərəcədə doğrudur?
- Bu, həqiqət deyil. Bilirsiniz mənim üçün ən vacib olan nədir? Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm.
- UEFA Millətlər Liqasında şansları necə qiymətləndirirsiniz?
- Qrupdan çıxmaq bir çox amillərə əsaslanır. Qrupda ilk pilləni tutmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.
(Report)