"Neftçi" rəhbərliyinin dünya futboluna gətirdiyi qeyri-adi yeniliklər bir-birini əvəz edir.
Klubun başında duranlar idarəçiliyi bacarmasa da, özündən yeni icadlar çıxarmaqla koronavirus pandemiyası səbəbindən kefinə soğan doğranan futbol camiəsini bir az şənləndirir.
Mövsüm erkən başa çatdırılan kimi, "ağ-qaralar" yeni transferlərə boş yer açmaq üçün futbolçu heyətini təmizləməyə başladı. Hətta təmizlik o qədər sürətli aparıldı ki, əcnəbilərdən 5-i yola salındı. Həmin "beşliy"in sonuncusu olan Dario Frederikonun gedişi isə klubdakı idarəçilik sisteminin işlənmə mexanizmini ortaya qoydu.
Bəli, braziliyalının gedəcəyi çoxdan bəlli idi. Futbolçu özü də qayıtmağına peşman olmuşdu, qalmaq istəmədiyini demişdi. Di gəl ki, müqavilə müddətinin davam etməsi önünü kəsirdi. Çünki klub 2019-cu il iyunun 14-də rəsmi saytı vasitəsilə Dario ilə 2 illik müqavilə imzalandığını bəyan etmişdi. Yəni "sambaçı"nın sözləşməsi hələ gələn ilin yayına qədər idi. İdman direktoru Ceyhun Sultanov da iyunun 2-də saytımıza açıqlamasında Darionun müqaviləsinin davam etdiyini təsdiqləmişdi. Amma necə oldusa dünən ortaya çıxdı ki, sən demə, Darionun sözləşməsi bitibmiş.
"Neftçi"nin mətbuat xidməti ya həddən artıq savadsızdır, ya da “boss”unun tapşırığı ilə camaatı ələ salır. Rəsmi bəyanatda yazırlar ki, müqavilə müddəti başa çatdığı üçün qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. Bir il əvvəl 2 illik müqaviləni yazan da həmin mətbuat xidmətidir, indi başa çatdığını vurğulayan da. Əgər müqavilə müddəti bitibsə, o zaman "qarşılıqlı razılaşma əsasında yollarını ayırıb" fikri nəyə xidmət edir? Sözləşməsi bitən azad agent olur və sağollaşıb gedir. Onunla qarşılıqlı razılaşma necə olur? Şəffaf şəkildə bəyan edin ki, Darionun cibini doldurduq, birillik təzminatını ödədik, müqaviləyə də xitam verdik də. Yox, əgər belə deyilsə, o zaman...
... Bəlkə qorxurlar Dario FİFA-ya şikayət edər? Özünü sığortalamaq üçün də bəri başdan sənə sərf edən formada bəyanat yaymaq və tez-bazar buna uyğun sənəd hazırlamaq da yəqin çox çətin deyil. Sabah FİFA üstünə gəlsə, rahatlıqla özünü sudan quru çıxara bilərsən.
İddia eləmirik ki, "Neftçi" sırf bundan ötrü yalan bəyanat yayır. Amma insanın ağlına başqa bir səbəb də gəlmir. "Neftçi" rəhbərliyinin bu tip davranışları isə yalnız futbol ictimaiyyətini, azarkeşləri aldatmaq cəhdidir...