Karyerasını baş məşqçi olaraq davam etdirən azərbaycanlı futbolçular

İDMAN
20:17 / 18.07.2020
1275

Xəbər verdiyimiz kimi, ötən gün “Zirə”nin baş məşqçisi postuna "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov təyin edilib.

Otuz səkkiz yaşlı mütəxəssislə üçillik müqavilə imzalanıb. Rəşad Sadıqov həm millidə, həm də "Qarabağ"da öz sözünü deyən və azarkeşlər tərəfindən sevilən futbolçu olub.

Maraqlıdır, hansı azərbaycanlı futbolçular kariyerasını bitirdikdən sonra baş məşqçi olaraq fəaliyyət göstərib?

Cebhe.info bununla bağlı araşdırma edib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1992-2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006-2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" klubunun baş məşqçisidir. Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Üç dəfə Azərbaycan Kubokunun, bir dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub. "Qarabağ" onun rəhbərliyi altında Azərbaycan tarixində ilk dəfə 2017/2018-ci il mövsümündə Çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Klub 2014-cü ildən bəri ölkə çempionu adını qazanır. Həmçinin eyni ildən Avropa Liqasının qrup mərhələsində iştirak edir.

Azərbaycan millisinin sabiq müdafiəçisi Samir Abbasov da karyerasını baş məşqçi olaraq davam etdirənlərdəndir. "Qarabağ", "Karvan", "İnter-Bakı" kimi klublarda çıxış edən Samir Abbasov məşqçilik kariyerası ərzində "Sumqayıt", "Zirə" klublarını çalışdırıb. Mütəxəssis hazırda işsizdir.

Azərbaycan millisinin sabiq üzvü Ayxan Abbasov da baş məşqçi olaraq karyerasını davam etdirir. Mütəxəssis hazırda "Sumqayıt"ı çalışdırır. Qeyd edək ki, Ayxan Abbasov futbolçu karyerası ərzində "Turan-Tovuz", "Mil-Muğan", "İnter", "Qarabağ" kimi klublarda çıxış edib. Abbasov "Sumqayıt"dan öncə "Zirə"də baş məşqçi olaraq çalışıb. Xatırladaq ki, onun çalışdırdığı "Sumqayıt" bu mövsüm tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

Azərbaycan millisinin sabiq müdafiəçisi Arif Əsədov futbolçu karyerası ərzində "Neftçi", "Dinamo", "Tümen", "Anji" kimi klublarda çıxış edib. 2003/04 mövsümündə “Qarabağla” çempionatın gümüş medalını əldə edib. 2004/05 mövsümünün əvvəlini "Xəzər Lənkəran", sonradan isə “Gəncə” klubunda keçirib. 2005/06 mövsümün əvvəlində tutbolçu karyerasını bitirərək məşqçilik fəaliyyətinə başlayıb.

Məşqçiliyə U-19 Azərbaycan millisindən başlayan Arif Əsədov komandaya yaradılmasından 19 il sonra ilk mərhələni aşmaq sevinci yaşadıb. Şahin Diniyev “Gəncə”yə başçılıq etdiyi dönəmdə isə təcrübəli futbolçunu ikinci məşqçi kimi sınaqdan keçirib. Azərbaycan Premyer Liqasında debüt ilində isə “Neftçi”ni çempion edib. Bundan bir il əvvəl isə sözügedən komandanın əvəzedicilərinə eyni uğuru qazandırıb.

O, son olaraq millidə Nikola Yurçeviçin köməkçisi vəzifəsində çalışıb.

Azərbaycan millisinin keçmiş baş məşqçisi Ağasəlim Mircavadov karyerası ərzində "Neftçi"də çıxış edib. Sovet dönəmində bir neçə dəfə "Neftçi"nin sükanı arxasında dayanıb. 1988-ci ildə "Azərbaycanın əməkdar məşqçisi" fəxri adına layiq görülüb. 1991-1996-cı illər aralığında Ağdamın “Qarabağ” klubuna rəhbərlik edib. 1993-1995-ci illər aralığında Azərbaycan milli komandasının baş məşqçi vəzifəsində çalışıb. Ağasəlim Mircavadov "Şəmkir"lə iki dəfə, “Qarabağ”, “Neftçi”, “Xəzər-Lənkəran” klublarının hər biri ilə bir dəfə ölkə çempionluğunu əldə edib. 2005 və 2008-ci illərdə “Neftçi” və “Xəzər-Lənkəran” klubuna MDB və Baltikyanı ölkələri çempionlarının “Birlik kuboku” yarışında qızıl medallar qazandırıb.

Hazırda "Keşlə"nin baş məşqçisi olan Tərlan Əhmədov "Qarabağ", "Turan-Tovuz", "Neftçi", "Karvan", "Anji-Mahaçqala", "Fakel Voronej" kimi klublarda çıxış edib. O, Azərbaycan yığma komandasında 75 oyun keçirib, kapitan sarğısını ən çox qoluna taxmış futbolçulardan olub. Futbolçu karyerasını Bakının "Olimpik" klubunda bitirən veteran müdafiəçi “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadovun köməkçisi təyin edilib. 2011-2013-cü illərdə "Neftçi"də məşqçi olaraq çalışıb. 2017-2018 mövsümündə "Neftçi"nin baş məşqçi postunda əyləşib. Klub onun rəhbərliyi altında bürünc medal qazanaraq Avroliqaya yollanıb. Xatırladaq ki, bu mövsüm T.Əhmədovun baş məşqçisi olduğu "Keşlə" də avrokuboklara vəsiqə qazanıb. Onun komandası bürünc medala yiyələnib.

0