Göydə ulduzlar saysız-hesabsızdır, ancaq şou-biznesdə “ulduzların” sürəti artıq astronomiyanı da geridə qoyub.
Hər səhər oyanırıq və yenə bir “yeni sima”nı görürük. Həmin simalar isə istedadı ilə yox, sosial şəbəkə filtri sayəsində özünü rahat şəkildə "sənətkar" elan edirlər. Səhnəyə çıxan bəzi “ifaçıların” geyimi ayrıca faciə janrıdır. Estetikadan əsər-əlamət yoxdur.
Ön tərəf başqa mövzudur, arxa tərəf isə ümumiyyətlə ayrı dərddir. Elə bil səhnə deyil, arxa nümayiş sərgisidir. Bu nə bəladır bilmirəm, ancaq kimi görürsən arxasını şişirdir. Bəziləri bunu gözəllik sayır.. Əlbəttə, zövqlər müxtəlifdir, amma zövqsüzlük artıq epidemiyaya çevriləndə buna ad tapmaq çətin olur.
Mahnı mətnləri isə olduqca düşündürücüdür. “Neçədə gəlim?”, “tez-tez olaq”, “deyirdin gedəcəm, getməyənin...” bu siyahını daha çox uzatmaq olar. Bu tip mahnı sözləri sanki musiqi yox, kiməsə mahnı ilə mesaj ötürmə anlamına gəlir. Hə, onu da deyək ki, bu cür musiqilər qətiyyən düşündürücü deyil. Nə yadda qalacaq, nə musiqi istəyimiz təmin edəcək, nə də qulağımızı dincəldəcək.
Ən maraqlısı odur ki, televiziya kanalları bu mənzərəni böyük həvəslə efirə daşıyır. Şou proqramları sanki keyfiyyət yarışına yox, bayağılıq marafonuna qoşulub. Sevincli günlərimizdə isə bu “ifaçılar” dəvət olunur, iki mahnı oxuyub səhnədə tullana-tullana böyük qonorar alırlar. Sənət yox, şou var, səs yox, biabırçı görünüş və effekt var. Təbii ki, toy sahibinin seçimi öz işidir, ancaq efir şəxsi məclis deyil. Efir mədəniyyət tribunasındır. Bu tibunaya çıxan adamın isə ən azından sənətə, incəsənətə və mədəniyyətə hörməti olmalıdır...
Günel


