Qurban Qurbanov haqlı imiş?!

KÖŞƏ YAZILARI
10:55 / 23.02.2026
106

Çempionlar Liqasında mübarizəni davam etdirən və son 24 komandanın sırasına adını yazdıran Azərbaycan çempionu “Qarabağ” böyük bir uğura imza atdı. 

Sözsüz ki, Azərbaycan futbolunun hazırkı səviyyəsi ilə təmsilçimizin bu mərhələyə gəlib çatması fantastikadır. Mövsümün əvvəlində ən nikbin azarkeşə belə bu haqda nəsə desəydin, inanmaya bilərdi. Amma bu gün “Qarabağ” möcüzəni reallığa çevirməyi bacarıb. Bu uğurda klub rəhbərliyinin, baş məşqçi Qurban Qurbanovun və meydanda tər tökən, adlı-sanlı rəqibləri büdrədən futbolçuların böyük əməyi var. İctimaiyyət, futbol cameəsi olaraq bizə düşən bu çətin yolda “Qarabağ”a dəstək vermək, Azərbaycan futbolunun imicinin daha da yüksəldilməsi üçün gördükləri çətin işdə onlara yardım etməkdir. 

Bəs biz bu öhdəçiliyin, mənəvi borcun öhdəsindən necə gəlirik? Ümumiyyətlə, gələ bilirikmi?! Suala birmənalı cavab vermək çətindir.

Azərbaycan Premyer Liqasının 21-ci turunun oyunlara “Qarabağ”ın “Nyukasl”a qarşı keçirəcəyi iki oyunun arasındakı zaman kəsiyinə təsadüf edir. Həmin turda da “Qarabağ” “Neftçi”yə rəqib olmalı idi. Onsuz da çətin qarşılaşmalar ərəfəsində “Qarabağ” Şamaxıya iki dəfə səfər etmiş, qarlı-buzlu meydanda, dumanlı hava şəraitində yerli komandaya qarşı oyunlara çıxmışdı. Qubada “İmişli” ilə qarşılaşmanın keçirildiyi meydança isə peşəkar futbol adına rəzalət idi. Bu meydançanı görən normal əcnəbi futbolçu heç vaxt sağlamlığını riskə atıb Azərbaycana gəlməz. Bütün bunların fonunda “Qarabağ” “Neftçi” ilə görüşün təxirə salınması xahişi ilə kluba və PFL-ə müraciət etdi. Dərhal da “Neftçi”yə təzyiq başladı ki, görüş təxirə salınmasın. Düzdür, sonda “Qarabağ” istəyinə nail oldu, “Neftçi” tərəfi Azərbaycan futbolunun Avropadakı qüruruna güzəştə getdi. Amma söz-söhbət uzun müddət səngimədi, “Qarabağ”ı qınayanlar susmadı.

 

Bu düşüncə sahiblərinin bir arqumenti var idi ki, Avropa klubları həftədə iki oyun keçirirlər. Azərbaycan futbolunun səviyyəsinin, bizdəki infrastrukturun Avropa ilə müqayisəyə belə gəlmədiyi heç kimin vecinə deyil. Təki “Qarabağ”ı tənqid etmək üçün səbəb olsun. Sözsüz ki, son illər təqvimin sıxlığı, futbolçuların daim yüklənməsi hər bir tanınmış klub üçün problem yaradıb. Burda söhbət təkcə “Qarabağ”dan getmir. Həftəortası avrokuboklarda meydana çıxan adlı-sanlı klubların oyunlarında qeydə alınan nəticələ baxanda bu acı həqiqəti bir daha görmüş oluruq. Futbolçular robot deyil və heç bir komandanın bir-birini layiqincə əvəzləyəcək eynigüclü iki heyəti yoxdur. Bu həqiqəti qəbul etmək lazımdır.


Bəzi nümunələrə baxaq. “Qarabağ”ın rəqibi “Nyukasl” “Mançester Siti” ilə qarşılaşdı. Görüşün taleyi elə ilk 27 dəqiqədə həll edildi. 27 dəqiqəyə qapısında iki qol görən “sağsağanlar” rəqibinə 1:2 hesabıyla məğlub oldu. Azərbaycanda da xeyli azarkeşi olan “Qalatasaray” da son turda ağır məğlubiyyət aldı, bu məğlubiyyətdən sonra “sarı-qırmızılar”ın çempionluq şansları xeyli azaldı. Uzun müddətdir qələbəyə həsrət qalan “Konyaspor” “Qalatasaray”ı 2:0 hesabıyla üstələdi. İstanbul təmsilçisinin aparıcı futbolçularından Osimhen özündə güc tapıb Konyaya gələ bilməmişdi, İkardi isə fasilədən sonra meydana çıxmadı. Bu futbolçuların gəlirlərini “Qarabağ”ın üzvləri ilə müqayisə belə etmək olmaz. 


İtaliya nəhəngi “Yuventus” da həftəiçi Çempionlar Liqasında oyun keçirmişdi və dünən məğlub oldu. “Qoca sinyora” öz meydanında “Komo”ya uduzdu – 0:2. Bu məğlubiyyətdən sonra “Yuve” Çempionlar Liqası zonasını da tərk etdi.


Bir sözlə, hamı sıx qrafikdən, “iki cəbhə”dən oynamaqdan əziyyət çəkir. Ya avrokubokları erkən tərk edib, ölkə çempionatına güc qoymalısan, ya da ölkəni layiqincə təmsil etmək üçün əziyyətə qatlaşmalısan. Qurban Qurbanov və “Qarabağ” da ikinci yolu seçib. Amma Qurban bəyin futbolçularını qorumağa çalışmasında da qəbahət yoxdur...

Amal Abuşov


 

0