Telenakalların reytinq ehtirası...

KÖŞƏ YAZILARI
17:46 / 24.02.2026
143

Azərbaycan efiri artıq əvvəlki səviyyəsində deyil.

Üstəlik, bunu demək üçün xüsusi analizə də ehtiyac yoxdur. Bir zamanlar insanlar saat qurub verilişləri gözləyirdi. Ekrandan səviyyə, mədəniyyət, sənət nəfəsi gəlirdi. Qonaqlar düşüncələri ilə yadda qalır, müğənnilər ifaları ilə qəlblərə toxunurdu.
Bu gün isə efir sözün əsl mənasında alver meydanına, bazara çevrilib. 

Sənətdən danışmaq əvəzinə, kim nə qədər bahalı paltar geyindiyini, hansı markalı çanta taxıb, neçə minlik qızıl taxıb – bunlar müzakirə olunur. Qonaqlar isə utanmaq əvəzinə, fəxrlə qiymət açıqlayır və bununla da lovğalanırlar.

Ən ağrılısı isə budur ki, reytinq uğrunda aparılan yarış nəticəsində milli-mənəvi dəyərlər, ailə dəyərləri tamamən məhv olur. Bir sözlə, reytinq ehtirası insanların zövqlərini korlayıb, dəyərlər arxa plana keçib. Bununla da iş bitmir. Efirlərdə elə hallar yaşanır ki, insan televizora baxdığına, həmin kanala çevirdiyinə görə özünə nifrət edir. 

Məsələn, verilişlərdə müğənnilər açıq şəkildə kişi üstündə necə mübarizə apardığını dilə gətirirlər. Kişinin “halalca” ailəsi qalır qıraqda, bəzi müğənnilər kişi üstündə mübahisə edir, qalmaqal yaradırlar. Bu səhnələr artıq adi hala çevrilib. Acınacaqlı hal odur ki, telekanallar, aparıcılar bu qalmaqallara üstünlük verir. 

Nədi-nədi bu mənasız, bazar söhbətləri onların verilişinə reytinq gəticəcək. Reytinq naminə milli-mənəvi dəyərlər ayaqlar altına atılır. Reytinq ehtirası zövqləri korlayıb, sənəti kölgədə qoyub. Səviyyəsiz mahnılar, məzmunsuz sözlər hər gün evlərimizə “qonaq” gəlir. Televizor artıq maarifləndirən yox, zövq korlayan vasitəyə çevrilmək üzrədir.

Bəli, son günlər bəzi sənət adamları və ictimai şəxslər bu biabırçılığa etiraz edirlər. Amma təəssüf ki, bu etiraz da yeni bir qalmaqala, yeni bir savaşa dönür. Problemi həll etmək əvəzinə, yeni qarşıdurmalar yaranır. İndi isə cəmiyyət olaraq susub gözləyirik görək  bu savaşda kim qalib gələcək? İstənilən halda gedişat onu göstərir ki, itirən yenə də Azərbaycan efiri və tamaşaçısı olacaq...

Günel

0