Son dövrlərdə Azərbaycanın televiziya məkanında yayımlanan şou xarakterli proqramlar geniş ictimai müzakirələrə səbəb olurdu.
Bu müzakirələrin əsas səbəbi sosial şəbəkə platforması olan “TikTok” vasitəsilə tanınan bəzi ifaçıların televiziya efirlərinə çıxarılması idi. Aydındır ki, uzun illər peşəkar sənət məktəbi keçmiş, mədəniyyət və səhnə etikası formalaşmış sənətçilərlə sosial şəbəkələrdə qısa müddətdə məşhurlaşan şəxslərin efir mədəniyyəti arasında ciddi fərq var. Bu fərq isə televiziya proqramlarında açıq şəkildə özünü göstərirdi.
Məsələnin aktuallaşması və cəmiyyət tərəfindən ciddi narazılıqla qarşılanması nəticəsində ictimai xadimlər, sənət adamları və tanınmış simalar bir araya gələrək mövcud vəziyyətə etirazlarını bildirdilər. Onların mövqeyi rəsmi qurumlar tərəfindən də diqqətə alındı və nəticədə bir sıra bayağı məzmunlu çıxışları ilə seçilən ifaçılara efir məhdudiyyəti tətbiq olundu. Eyni zamanda, bəzi verilişlərin yayımı dayandırıldı, bir neçəsinin isə formatında dəyişikliklər edildi.
Baş verən bu proseslər onu göstərir ki, milli televiziya məkanı keyfiyyət meyarlarını qorumaq və efir mədəniyyətini yüksəltmək istiqamətində müəyyən addımlar atır. Uzun müddət tamaşaçıların narazılığına səbəb olan bazar səviyyəli müzakirələr, şəxsi qalmaqallar və şou naminə yaradılan süni qarşıdurmaların azalacağı gözlənilir. Artıq efir məkanında sənətə, milli-mənəvi dəyərlərə və ictimai məsuliyyət prinsipinə daha çox önəm verilməsi zərurəti ön plana çıxır.
Ümid edirik ki, gələcəkdə televiziya proqramlarında daha çox intellektual məzmunlu, maarifləndirici və mədəni dəyərlərə söykənən layihələr yer alacaq. Qonaq qismində də efir etikası və ictimai davranış mədəniyyəti ilə seçilən şəxslərin iştirakı üstünlük təşkil edəcək. Belə olduğu təqdirdə, tamaşaçı marağı yenidən yerli telekanallara yönələcək və insanlar xarici kanallara deyil, milli televiziya məkanına üz tutaraq keyfiyyətli məzmundan zövq alacaqlar.
Günel


