Azarkeşlər və futbol ictimaiyyəti Azərbaycan Premyer Liqasının 22-ci turunu səbrsizliklə gözləyirdi.
Bu tur çempionluğa əsas iddialılar “Qarabağ”la “Sabah” üz-üzə gələcəkdi. Çempionluq mübarizəsinin bundan sonra hansı ssenari ilə davam edəcəyini görəcəkdik. Ünlü referi Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda keçirilən qarşılaşma gözləntiləri doğrultdu. “Qarabağ” əbəs yerə Çempionlar Liqasında son 24 komanda sırasında yer almadığını göstərdisə, “Sabah” da Azərbaycan çempionu adını qazanmaq üçün mübarizə aparmağa hazır olduğunu, bunun üçün yaxşı hazırlaşdığını nümayiş etdirdi.
Hesabdan artıq xəbərdarsız. “Sabah” 3:0 hesabıyla önə keçsə də, bu üstünlüyü qoruya bilmədi. “Qarabağ” cəmi 12 dəqiqəyə bu qolların əvəzini çıxdı və görüş 3:3 hesabıyla yekunlaşdı. Bu hesaba yazının sonunda yenidən qayıdacağıq. İndilik isə hesabı ora qədər gətirib çıxaran məqamlara diqqət yetirək.
Necə oldu ki, “Sabah” hesabı açan tərəf oldu və ikinci hissədə qısa müddət ərzində üstünlüyünü üç topa çatdırdı? Bəs bu üstünlüyü qorumaq nə üçün mümkün olmadı?
Məlum məsələdir ki, “Sabah” avrokuboklarla hələ avqust ayında vidalaşdığından gücünü yalnız Azərbaycan Premyer Liqasının oyunlarına sərf edir. Özü də yaxşı maliyyə imkanlarına sahib Masazır təmsilçisi məqsədinə çatmaq uğrunda xəsislik etmir. Dünyanın dörd bir yanından futbolçu transfer edən “Sabah”ın bəzən ehtiyat oyunçular skamyasında belə əməlli-başlı legioner bolluğu yaşanır. Özü də hamısı məvacibi yüksək məbləğdə olanlar. Sözsüz ki, bütün bunlar hansısa uzun müddətli strategiyaya hesablanmır.
Məqsəd Azərbaycan çempionu olmaqdır. Klubu himayə edənlər bunun üçün lazımı qədər xərcə düşməyə hazırdırlar. “Sabah” ölkə çempionatında uzun müddətdir ki, birinci pilləni özəlləşdirib və inamla liderlik edir. Amma transferlərin ardı-arası kəsilmir, hətta fevral ayında belə “Sabah”a yeni oyunçu transfer edirlər. Bunun yaxşı, yaxud da pis olduğu başqa söhbətin mövzusudur. Qayıdaq Respublika stadionundakı qarşılaşmaya.
“Sabah”ın “Qarabağ”dan daha enerjili və həvəsli olması, psixoloji və fiziki yorğunluq hiss etməməsi elə hesabın erkən açılmasında da özünü göstərdi. Bəhlul Mustafazadənin yoxluğunda səfi pozulmuş müdafiə xətti 13-cü dəqiqədə Xəyal Əliyevin qayıdan topu tora qovuşdurmasına əngəl ola bilmədi. Sözsüz ki, bu qolda topu düz Xəyalın önünə qaytaran Koxalskinin də “böyük əməyi” oldu. “Sabah” “Qarabağ”ın sönük və əzgin oyununun fonunda üstünlüyünü fasiləyə qədər qoruya bildi.
Maludanın vurduğu ikinci qol isə oyunun axarına tam uyğun olmasa da, əməlli-başlı səviyyə məsələsi idi. Fransalı futbolçu qolçuluq bacarığını əla nümayiş etdirdi. Meydana əvəzetmədən daxil olan Mikelsin vurduğu qol isə yenidən Bəhlulun yoxluğunu bizə xatırlatdı. “Sabah”ın sürətli əks-hücumu zamanı Mikelsi qarşılaşmağa heç kim tapılmadı.
3:0-dan sonra “Sabah” qələbənin cibində olduğunu düşünsə də, rəqibin “Qarabağ” olduğunu unutdu. Həmin “Qarabağ” öz döyüşkən xarakterini bu avrokubok mövsümündə “Benfika”, “Çelsi”, “Ayntraxt” kimi rəqiblərə göstərməyi bacarıb. “Sabah” da bu xarakteri bir daha hiss etdi. “Qarabağ”ın vurduğu üç qolun üzərində ayrı-ayrılıqda dayanmayacam. Bəlkə də ilk yarıda Duran əlverişli vəziyyətdə topu Pokatilovun üzərinə vurmasaydı, heç vəziyyət belə drammatikləşməyəcəkdi də. Hesab 3:3 olduqdan sonra ehtiyat oyunçular skamyasında (bəlkə də bilərəkdən) gərginlik yarandı.
Bu da oyunun dayanmasına, “Qarabağ” üçün qızıldan qiymətli dəqiqələrin boşa getməsinə səbəb oldu. Elə Mikelsə verilən, sonradan elə baş hakim Tural Qurbanovun özü tərəfindən ləğv olunan qırmızı vərəqə də “Qarabağ”ın həm tempdən salınmasına, həm də vaxtın boşa getməsinə səbəb oldu. Bunun qəsdən belə edilib-edilmədiyini demək çətindir. İtirilən vaxtın düzgün kompensasiya edilməməsi də gözlər önündədir.
Yekundakı bərabərlik indiki halda “Sabah”a daha çox sərf edirmiş kimi görünür. Amma “Qarabağ”ın təcrübəsi və xarakteri də unudulmamalıdır. “Köhlən atlar”ın 0:3 hesabından sonra belə təslim olmaması da ondan xəbər verirdi ki, çempionluq mübarizəsi hələ bitməyib. Bizi qarşıda daha gərgin mübarizə gözləyir.
Amal Abuşov


