Qadınlar aliment üçün boşanırlar?

KÖŞƏ YAZILARI
20:00 / 04.03.2026
124

Azərbaycanda boşanmaların sayı sürətlə artır. 

Bu artıq statistika deyil, sosial siqnaldır. Hər dağılan ailənin arxasında bir hekayə, bir ağrı, bir məyusluq dayanır. Amma o hekayələrin içində ən səssiz, ən müdafiəsiz tərəf yenə də uşaqlardır. Onlar nə qərar verir, nə seçim edir, nə də tərəf tuturlar. Sadəcə nəticəni yaşayırlar. Boşanma zamanı qanunvericiliyin tələbinə əsasən uşağa aliment təyin olunur. Hazırda minimum aliment məbləği 260 manatdır. Kağız üzərində rəqəm kimi görünən bu məbləğ, real həyatda bir uşağın bir aylıq ehtiyaclarının yanında çox zaman aciz qalır.

Uşaq məktəbə gedirsə, xərclər iki-üç dəfə artır: məktəb geyimi, ləvazimatlar, gündəlik ehtiyaclar və s. Yəni bu məbləğlə uşağın saxlanması çətindir. Əgər ananın ayrıca gəliri yoxdursa, təkcə atanın göndərdiyi 260 manatla ayı başa vurmaq demək olar ki, mümkün deyil. Boşanmaların artması ilə bağlı müzakirələr də səngimir. 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə çıxışında bildirib ki, bəzi hallarda qadınlar məqsədli şəkildə ilk uşaqdan sonra aliment almaq üçün boşanırlar. Bu fikir cəmiyyətdə ciddi rezonans doğurdu. Sosial şəbəkələr demək olar ki, iki yerə bölündü. Kimisi onu haqlı sayır, kimisi isə bu fikrin ədalətli olmadığını düşünür. Bəli, reallıq ondan ibarətdir ki, aliment üçün boşanan qadınlar da var. Həyat yoldaşının gəliri yüksəkdirsə və təyin olunacaq aliment məbləğ böyükdürsə, bunu fürsətə çevirənlər də tapılır. Bu faktı danmaq düzgün olmaz. 

Düzdür, o qadınlar yoldaşından yüksək aliment məbləği almaqla daha rahat, istədikləri həyatı yaşamaq istədiyi üçün bu addımı atırlar. Lakin bu mənzərənin digər tərəfi də var. Elə qadınlar var ki, zorla, təhqirlə, laqeydliklə dolu bir mühitdən çıxmaq üçün boşanır. Elə analar var ki, 260 manat üçün deyil, övladının sağlam psixologiyası üçün ayrılır. Bir rəqəmin arxasında çox fərqli talelər dayanır. 260 manat kimisi üçün “yük”, kimisi üçün “ümid”, kimisi üçün isə sadəcə ayın sonuna qədər uzatmalı olduğu çətin bir hesabdır. Ancaq istənilən anda bir həqiqət var o da ən ağır yükü yenə uşaqların daşımasıdır. 

Günel Cəlilova

0