Türkiyənin “Qalatasaray” klubu ötən axşam UEFA Çempionlar Liqasında daha bir tarix yazdı.
İstanbul təmsilçisi İngiltərə nəhəngi “Liverpul”u 1-0 hesabı ilə məğlub etdi. “Cim-Bom” öz azarkeşləri qarşısında, mükəmməl atmosferdə keçirilən oyuna qələbə üçün çıxdığını matçın ilk dəqiqələrindən etibarən hiss etdirdi. Qolun 7-ci dəqiqədə gəlməsi də təsadüf deyildi.
Ümumilikdə isə “Qalatasaray” qarşısındakı rəqibinin Çempionlar Liqasının favoritləri arasında göstərilməsindən belə çəkinməyərək öz oyununu oynadı. Maçtın bir çox hissəsində isə türk komandasının açıq-aşkar üstünlüyü hiss olunurdu. Bəzi dəqiqələrdə rəqib qapısına ardıcıl bir neçə zərbə endirilirdi.
Təbii ki, “Liverpul” da asan təslim olacaq bir klub deyil və oyunda “Qalatasaray”a xeyli çətinlik yaşatdı. Ancaq qapıçı Uğurcan Çakır səddini keçə bilmədilər. “Cim-Bom”un “1” nömrəsi matç ərzində 7 qurtarışa imza ataraq qələbədə mühüm rol oynadı.
Bundan başqa, “Qalatasaray”ın 1 qolu da skandal hakim qərarına görə sayılmadı. Azarkeşlər hələ də haqlı olaraq həmin epizoda “VAR”-ın müdaxilə etməməsini və hər hansısa görüntü təqdim olunmamasına etiraz edirlər.
Onu da qeyd edək ki, “Qalatasaray” bu mövsüm ikinci dəfə “Liverpul”u məğlub etməyi bacarır. İstanbul nəhəngi Çempionlar Liqasının liqa mərhələsində də öz stadionunda “Liverpul”u 1-0 hesabı ilə məğlub edib.
Artıq qarşıda çox çətin 90 dəqiqə var. Okan Burukun komandası İngiltərəyə rəqibi cari mövsümdə üçüncü dəfə məğlub etməyə gedəcək. Geridə qalan iki oyunda da “Liverpul”un keçilməz sədd olmadığını gördük.
“Qalatasaray” “Yuventus” kimi “Liverpul”u da mübarizədən kənarlaşdıra bilər. Üstəlik, hazırda bu ehtimal mümkünsüz deyil. Bu baş verəcəyi təqdirdə, “sarı-qırmızılılar” Çempionlar Liqasında son 8 komanda arasına qalaraq inanılmaz bir uğura daha imza atacaqlar. İndi isə səbirsizliklə 18 martda keçiriləcək revanş matçını gözləyirik...
Elmir Mustafa


