3 yaşlı uşaqlar məktəbə cəlb olunmalıdır?

KÖŞƏ YAZILARI
17:24 / 31.03.2026
92

Uşaqların hansı yaşda məktəbə başlaması uzun illərdir müzakirə mövzusudur. 

Bu günlərdə əməkdar müəllim Almaz Əsgərovanın səsləndirdiyi fikir müzakirələrə səbəb olub. Belə ki, Almaz xanım 3 yaşlı uşaqların məktəbə getməsi təklifi ilə gündəmə gəlib. Onun bu fikri ictimaiyyət arasında narazılığa  səbəb olub.

Əlbəttə ki, 3 yaşlı uşaqların məktəbə necə uyğunlaşacağı və təhsil mühitinə necə adaptasiya olacağı sual doğurur. Bu yaşda uşaqların hələ ətraf mühiti yeni-yeni dərk etməyə başladığı, sadə cümlələrlə fikirlərini ifadə etdikləri hamıya məlumdur. Eyni zamanda, onların böyük əksəriyyəti öz əsas ehtiyaclarını müstəqil şəkildə qarşılaya bilmir. Hətta o yaşda uşaqların bir çoxu yemək zamanı valideyn köməyinə ehtiyac duyur, bəziləri isə hələ də uşaq bezi istifadə edir. 

Belə olan halda, 3 yaşlı uşağın gündə 1-2 saat, hətta daha uzun müddət məktəb mühitində qalması və buna uyğunlaşması nə dərəcədə realdır?


Əslində bu yaş qrupu üçün daha uyğun mühit uşaq bağçalarıdır. Bağçalarda uşaqlara yaşlarına uyğun yanaşılır, onlarla oyunlarla oynalınır, körpələrin fiziki və psixoloji ehtiyacları tərbiyəçilər tərəfindən qarşılanır. Məktəbdə isə bir müəllimin eyni anda 18-20 azyaşlı uşağın bütün ehtiyaclarını qarşılaması olduqca çətin görünür. 

Bu səbəbdən də uşaqları bu qədər sıxmaq, onları həyacanlandırmaq nəyə lazımdır?

Bəli, artıq zaman dəyişib. Müasir uşaqlar 20 il əvvəlki nəsildən fərqlənir. Bunun əsas səbəbi texnologiya və internetin həyatımızda geniş yer tutmasıdır. Danılmaz faktdır ki, müasir uşaqlar texnoloji avadanlıqlarla davranmağı çox erkən yaşlardan öyrənirlər. Hətta bəzi detalları məhz onlardan soruşduğumuzu desək, yanılmarıq. Lakin bu, o demək deyil ki, hələ fərd kimi tam formalaşmamış, bəzi hallarda isə hələ uşaq bezi istifadə edən körpələr məktəb təhsilinə cəlb edilməlidir. Üç yaşlı uşaqların məktəb mühitinə daxil olmasının onlarda ciddi travma yarada biləcəyini təsəvvür etmək çətin deyil. 

Çünki ana qucağına ehtiyacı olan körpəni məktəb intizamına uyğunlaşdırmağa çalışmaq doğru yanaşma hesab olunmur. Düzdür, onlar məktəbdə akademik dərslər keçməyəcək, müxtəlif əyləncəli oyunlarla vaxt keçirəcəklər. Lakin bağça mühiti bu fəaliyyətlər üçün daha əlverişli və təbiidir. Odur ki, bağçayaşlı uşaqların bağçaya, məktəbyaşlı uşaqların isə məktəbə cəlb olunması uşaq psixologiyası baxımından daha məqsədəuyğundur.

Günel Cəlilova

0