Öz soyadından imtina edən kişilər...

KÖŞƏ YAZILARI
12:30 / 10.04.2026
110

Azərbaycanda son illər nikah zamanı soyad seçimi ilə bağlı maraqlı hal müşahidə edilir. 

Belə ki, açıqlanan statistik rəqəmlərə görə, bəzi kişilər evlənərkən həyat yoldaşının soyadını qəbul edib. Bu ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib. Ötən il 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib. 

Adətən nikaha daxil olan cütlüklər qarşısında duran ənənəvi seçimlərdən biri soyad məsələsi olur. Uzun illərdir ki, cəmiyyətimizdə qəbul olunmuş norma ondan ibarətdir ki, qadın ya öz qızlıq soyadını saxlayır, ya da həyat yoldaşının soyadını qəbul edir. Lakin son illərdə digər sahələrdə baş verən dəyişikliklər kimi, ailə institutunda da müəyyən yeniliklər müşahidə olunmağa başlayıb. 

Artıq bəzi kişilər öz soyadlarından imtina edərək həyat yoldaşının soyadını qəbul etməsidir. Yaranmış vəziyyətin səbəbi kimi əsasən kişinin yoldaşının ailəsinə və ya qaynataya daha yaxın olmaq, müəyyən sosial və ya maddi üstünlüklər əldə etmək məqsədi güdür. Xüsusilə də maddi vəziyyəti daha yaxşı olan ailələrlə qohumluq əlaqələrinin qurulması bu qərarın arxasında duran əsas səbəblərdən biri kimi göstərilir. Bu baxış cəmiyyətdə müəyyən stereotiplərin formalaşmasına da səbəb olur və çox vaxt bu addım sırf maddi maraqlarla əlaqələndirilir.
 
Azərbaycan mentaliteti baxımından isə bu hal hələ də qeyri-adi və birmənalı qarşılanmayan bir addım kimi qiymətləndirilir. Cəmiyyətimizdə formalaşmış ənənəvi dəyərlər bu cür dəyişiklikləri qəbul etməkdə müəyyən çətinliklər yaradır. Bir çox hallarda bu addımı atan şəxslər sosial təzyiq və ya qınaqla qarşılaşa bilirlər. Buna baxmayaraq, qanunvericilik baxımından belə bir seçim tamamilə qanunidir və hər bir vətəndaşın öz soyadını dəyişmək hüququ var.

Onu da qeyd etmək lazımdır ki, bu tendensiya xarici ölkələrdə daha geniş yayılıb və artıq normal qəbul olunur. Bir sıra Qərb ölkələrində kişi tərəfindən həyat yoldaşının soyadının qəbul edilməsi sıradan bir hal kimi qarşılanır və heç bir sosial müzakirə doğurmur. Azərbaycanda isə bu proses yeni-yeni formalaşmağa başlayır və hələ ki, geniş yayılmasa da, getdikcə daha çox diqqət çəkir. Nəticə etibarilə, soyad seçimi şəxsi və ailəvi qərardır və bu qərarın arxasında müxtəlif sosial, iqtisadi və psixoloji faktorlar dayana bilər. 

Günel Cəlilova

0