MAGAZİN
10:11 / 29.11.2022
1510

"Ümid edirəm ki, bir gün "Grammy" mükafatı almaq qismət olar" - Safa Eldarla müsahibə

Artıq 11 ildir ki, jurnalist olaraq çalışıram. Əlbəttə ki, bu illər ərzində bir çoxlarından müsahibə və açıqlamalar götürmüşəm. Budəfəki müsahibim isə sadəliyi ilə seçilən gənc müğənni Safa Eldardır. Safa sözün əsl mənasında istedadlı gəncdir. Eyni zamanda yaradıcılıq qabiliyyətinə malikdir. Elə kreativ düşüncəsi də onu bir çox həmkarlarından fərqləndirir.

Sözü gedən müsahibəni təqdim edirik:

- Safa bəy, ilk öncə sizi daha yaxından tanıyaq. 

- Mən Safa Eldar, 1995-ci ildə 22 yanvar tarixində Sumqayıt şəhərində anadan olmuşam. 27 yaşım var. 2015-ci ildən professional musiqiylə məşğulam. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində bakalavr təhsili almışam. İxtisasım “estrada müğənnisi” olub.

- Karyeranızla bağlı nə yeniliklər var?

- Bugünə kimi 12 mahnım işıq üzü görüb. İnşallah bu yaxın günlərdə sözləri və musiqisi mənə aid olan 13-cü mahnım işıq üzü görəcək. Bundan əlavə artıq 2 musiqi üzərində də komandamla birlikdə çalışırıq.

- Bəzi sənətçilər bir müddət oxuduqdan sonra film çəkir, ya da filmə çəkilməyə üstünlük verir. Siz də film çəkməyi və ya filmə çəkilməyi düşünürsünüzmü?

- Artıq 2 filmə çəkilmişəm. İlk filmim Türkiyənin Antalya şəhərində çəkilib. “İlk Dərs” adlı tammetrajlı filmdir. 2-si isə Azərbaycanda çəkilib. Novruz bayramı haqqında komedik film idi. İnşallah mənə uyğun təklif olsa niyə də çəkilməyim. Düzdür, bir az çətindir, amma maraqlıdır.

- Sizi fərqli edən sadəliyinizdir. Bəs siz öz xarakterinizlə razısınızmı?

- Əlhəmdülillah. Allahın mənə bəxş etdiyi hər bir şeydən razıyam. Əgər hansısa bir səhvim olarsa ki, səhvsiz insan yoxdur, onun bir daha baş verməməsi üçün dərs alıram.

- Türk ulduzlardan kimin fanatısınız? 

- Məncə türk ifaçılardan danılmaz ulduz megastar Tarkandır. Bundan əlavə Kənan Doğulu, Murat Boz, Edis kimi ifaçıları özümə örnək götürürəm.

- Bəs Türkiyə şou-biznesinə qatılmaq istəmirsiniz?

- Əslində istəyim dünya arenasına çıxmaqdır. Hələ ki, öz səhnəmizdən başlamışam. İnşallah zaman göstərəcək necə olacağını.

- Bildiyimiz qədərilə ibadət edirsiniz. Dindar bir insan olmağınız sənətinizə hər hansı maneə yaratmır ki?

- Allahın bizə verdiyi əmrləri yerinə yetirdikdən sonra heç bir problem yoxdur. Əməlimizdə düzgün olduqdan sonra bizə nə mane ola bilər ki?! Şükür Allaha hələ ki, bir mane ilə rastlaşmamışam.

- Müğənni dostlarınızdan kimlərin adını çəkə bilərsiniz?

- Ən yaxın dostlarım Əmrah Musayev, Tofiq Hacıyev və yeni yaradılmış “Ledli Məcnun” qrupunun solisti Məcnundur. Qalan bir çox müğənni ilə sıx dostluq əlaqəmiz olmasa da çörək kəsmişliyimiz var. Kənan Qədimov və Ramil Nabranı da unutmamaq lazımdır, böyük qardaş kimidirlər mənə, sağolsunlar. Murad Arif də mənə mənəvi çox-çox dəstək olub. Var olsun, yaxşı dostlar. 

- Fəxri ada layiq görülməyi arzu edirsinizmi?

- Bir gün "Grammy" mükafatı almaq qismət olar ümid edirəm. Xalq artisti adı üçün isə hələ çoxlu işlər görməliyəm.

- Bəs bunun daha tez baş verməsi üçün nələr edirsiniz?

- Bunun sirri ancaq və ancaq dayanmadan öz üzərində çalışmaqdır. Qalan hər şey öz axarınca baş verir onsuz da.

- Bir vaxtlar deyirdilər ki, şou-biznesi İlhamə Quliyeva idarə edir. Sizin fikrinizcə hazırda o şəxs kimdir?

- Məncə hal-hazırda heç kim. Çünki əvvəlki kimi şou-biznes anlayışı qalmayıb. İstərdim ki, sağlam rəqabətlə birlikdə öz musiqimizə çoxlu töhfələr verək. 

- Son olaraq sizi sevənlərə sözünüz?

- Özünüzü sevin. Çünki özünü sevən insan başqalarına da dəyər verə bilir. Hər şey sevgidən başlayır. Məni dəstəklədiklərinə görə çox təşəkkür edirəm. Mənim haqqımda yazılan şərhləri oxuyuram və yaratma həvəsim artır. Buna görə minnətdaram. Sevgi ilə qalın.

Xəyal Abdullayev

Hit.Az

0