ATV-nin yayımı dayandırıldı (CƏZA)

MAQAZİN
11:49 / 09.05.2020
1798

ATV televiziya kanalının yayımı bir saatlıq dayandırılıb.

Hit.Az xəbər verir ki, bununla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 6-da keçirilən iclasında qərar qəbul edilib.

Qeyd olunub ki, 1 may 2020-ci ildə ATV televiziyasının efirində yayımlanan "Bəzədilmiş duvaq” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə "Televiziya və radio yayımı haqqında” Qanunun 35.10-cu maddəsinin tələbləri pozulub. 

Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq ATV televiziya kanalının efirində 9 may 2020-ci ildə proqramların yayımının bir saatlıq müddətədək (saat 10:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Qeyd edək ki, mayın 6-da MTRŞ-nin iclası keçirilib. İclasda 1-3 may 2020-ci ildə ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb. Mayın 7-də "Lider” televiziya kanalının yayımı bir saatlıq dayandırılmışdı.

0