Röya Ayxan dəbdəbəli evini nümayiş etdirdi - FOTO

MAQAZİN
16:05 / 14.06.2020
2877

Xalq artisti Röya Ayxan dəbdəbəli evinin qapısını ilk dəfə İTV-də yayımlanan "Gəl, qonaq ol" verilişinə açıb.

Röya Ayxan ailə üzvləri ilə birlikdə maraqlı açıqlamaları ilə diqqət çəkib.

Valideynlərindən danışan xalq artisti bu sözləri deyib:

"Anamla atam küsülü idilər, danışmırdılar. Atam 10 ildən sonra bir dəfə gəldi, sonra qardaşlarım dünyaya göz açdı. Yəni 10 ildən sonra qardaşlarım doğuldu. Vallah mənim atam və anam başqası ilə evlənməyiblər. Biz doğmayıq və sadəcə bu qədər yaş fərqimiz var. İsmayıl və Ayxanı Allah bizə çox görməsin, əkizdirlər.

Ailəmiz böyükdür, altı xalam, bir dayım var. Özümüz-özümüzlə dava edirik, bizə başqası lazım deyil. Anam deyir ki, xalana zəng eləmə, mən ondan incimişəm. Sonra da deyir ki, mən xalanla danışıram, sən kimsən, qarışırsan".

Xalq artistinin atası Yaqub bəy isə ailəsi haqqında bu sözləri söyləyib: "Gecə saat 2-3-də toydan gələrdim, onlar məni gözləyərdilər. Mən gəldikdən sonra yatardılar. İndi oğlanlarım üçün uşaqlıqda etmədiklərimi və edə bilmədiklərimi edərdim. Həmişə uşaqlarım üçün əziyyət çəkmişəm və bəhrəsini də görmüşəm. Röyalə uşaq vaxtından həmişə birinci olub.

O, mənim kimidir. Çox işlərini özüm görürdüm, anasına arxayın ola bilmirdim. Anası cavan idi, 18 yaşı vardı. Həyat yoldaşımla demək olar ki, bir yerdəyik. Oğlanlarım Türkiyədə oxuyurlar. Biz sənət üstündə ayrılmışıq".

Daha sonra Röya Ayxan qeyd edib: "İndi atamın ən xoşbəxt günləridir. Çünki Ayxan ilə İsmayıl uşaqlıqdan Türkiyədə böyüyüblər, Bakıya iki dəfə gəlmişdilər. Atam həmişə onları görməyə gedirdi. Onlar Bakıda hərbi xidmətlərini başa vurdular və karantinə görə burada qaldılar.

Türkiyənin vətəndaşı olmaq üçün buraya gəldilər, karantin oldu, Bakıda qaldılar. Mamama deyirəm ki, kişinin arzusu yerinə yetdi. Neçə il idi ki, bu uşaqlara həsrət idi. İndi iki aydır ki, buradadırlar".

Röya Ayxan uşaqlıq illərindən fotosunun olmadığını da etiraf edib: "Uşaqlığım ata-ananın boşanması ilə keçdiyi üçün o illərdən foto yoxdur.
Anamın xətrinə dəyəndə, tez atam zəng edir. Bilirəm ki, anama şikayət edib. Atam deyir ki, onunla işin olmasın. O sizin üçün çox əziyyət çəkib. İndi yeddi-səkkiz il var ki, bir-birini qoruyurlar. Mamam xəstələnmişdi, İstanbulda karantinə almışdılar. Onu çox yormaq istəmirəm".

Röya Ayxanın anası Telli xanım isə Türkiyədən telefon vasitəsilə verilişə qoşulub.

O, aparıcının "Həyat yoldaşınıza deyəcəyiniz sözlər varmı?" sualına "Uşaqlarımın atasıdır, mənim də ömür-gün yoldaşımdır. Ayrı olsaq da bərabərik. Bizim qəlbimiz heç ayrılmadı. Sevgi unudularmı? Ana və atanın fəxri gözəl övladdır. Dəli-dolu qızdır, amma Allah ondan razı olsun" - deyə, cavab verib.

Röya Ayxan xarakterindən də danışıb: "Yekəxanalıq, göstəriş mənlik deyil. Artıq xalq artistiyəm. Heç nə həyatımı dəyişməyib. Eyni adamam, atamın qızıyam. Mən başa düşdüm ki, ulduzları Allah star edir, amma həyatda çox şey vermir. Bir az verir və həyatda onun dadını çıxarır.

Ağlamağı sevən adam deyiləm. Bu qədər pisliklər görmüşəmsə, heç kimə sevgi bəsləməyim? Mənim incəsənətdə elə dostlarım var ki, məndən yaşca balacadırlar, amma qoca kimi görsənirlər. Çünki sevgisizlik, inamsızılıq görüblər. İnsan aldana-aldana öyrənir. İnsan dəyişmir, bir az böyüyür. Mən başqasının evini göstərim, yalandan evi gəzdirim, elə ola bilməyəcəm. Rahat deyiləm. Axı mənə baxan insanların çoxu məni tanıyır. İstəmirəm desinlər ki, yalansa... Hamının ata-anası necə yaşayırsa, mənim atam da elə yaşayır. Pis ata-ana yoxdur. Amma yaxşı valideynlərin pis övladı olmaz".

Röya Ayxan oğlunun atası ilə görüşdüyünü də deyib.

Qeyd edək ki, bu gün Röya Ayxanın doğum günüdür. Onun 38 yaşı tamam olur.

2
Teleqraf.com