Xalq artisti müğənnilərə səsləndi: Daş daşımırsınız ki... 

MAQAZİN
15:27 / 06.08.2020
2128

"Bəzən krantı açırsan su gəlir, amma elə vaxt da olur, günlərlə su üzünə həsrət qalırsan. Gəlir də bunun kimidi. Gələndə insan alışır, həyat gözəlləşir. Amma birdən-birə kəsiləndə hər şey çətinləşir."

Bunu HİT.Az-a Azərbaycan Respublikasının Xalq artisti, cazmen Cavan Zeynallı toyların olmaması səbəbindən bəzi müğənnilərin həyat şəraitinin çətinləşməsi ilə bağlı açıqlamasında deyib. O, problemin təkcə ölkəmizdə deyil, bütün dünyada yaşandığını, bu səbəbdən müğənnilərin səbrli olmalı olduqlarını bildirib: 

"Mənə elə gəlir, bu, müvəqqətidir. Azından 1000 manata yarım saatı toya gedən adamlar var idi. Amma bu gün elə insanlar var ki, gündəlik 10-15 manat pul qazanır. Onların da həyatını düşünmək lazımdı. 1000 manat alan biri sabahkı gününü düşünə bilir. Amma aşağı məvaciblə çalışanların həyatı tamam bərbad olub. Karantinin ziyan vurmadığı ev, ailə qalmayıb. Sadəcə səbirli olmaq lazımdır".

C.Zeynallı karantindən öncə şişirtmə qiymətə toylara gedən müğənniləri də iradlarını çatdırıb. Onlara bir az mərhəmətli olmalarını tövsiyə edib:

"Mən 5 il bundan qabaq da 1000 manata toya gedirdim, 10 il ondan qabaq da, bu gün də. Heç vaxt qiymət artırmamışam. Bəzən yalvarırlar ki, imkanımız yoxdur, bir az da aşağı edin. Həmişə imkanı olmayanları nəzərə almışam. Müğənnilər var ki, 20 minə toya gedirlər. Bu 20 minə onlar bir neçə saat içində görəsən nəsə qeyri-adi bir şey ixtira edirlər?! Bəzən kimsə toyunda sevdiyi müğənnini görmək istəyir, amma elə qiymət deyirlər ki, onu verməyə həmin adamın gücü çatmır. Nə olar sevindirin bu cavanları. Toy sahibinin nəyə gücü çatırsa, onu versin. Siz daş-kərpic qaldırmırsız? Nə edirsiniz ki?! İnsanlara qarşı mərhəmətli olmaq lazımdır. Elə olub ki, toya pulsuz getmişəm. Mənim bu sənətdə düşmənim yoxdur. Hamını çox istəyirəm. Bu vaxta qədər də heç bir müğənni ilə konfliktim olmayıb. İnşallah toylar açılsın, müğənnilər də qazansınlar. Hər kəsin bir həyat tərzi var. Allah onların da ruzisini tezliklə yetirsin".

Çingiz Səfərli

0