Karantindən sonra toy qiymətləri qalxacaq? (Sorğu)

MAQAZİN
11:30 / 29.04.2020
3160

Karantin dövründə toy və el şənliklərinin ləğv edilməsi, bir sıra sahələr kimi müğənnilərin də "bazar"ını vurub. Lakin bir müddət əvvəl bəzi müğənnilərin yeni mövsüm üçün toy qiymətlərini qaldırdıqları iddia edilib. Ölkədə karantin rejimini bitdikdən sonra yenə toy mövsümü öz çal-çağırı ilə geri dönəcək.

Hit.Az xəbər verir ki, “Ölkə.Az” şou əhlinin karantin sonrası toy qiymətləri ilə maraqlanıb.

Müğənni Mətanət Əsədova: “Təki hər zaman toy olsun. Qaldı ki, müğənnilərin toy qiymətinin bahalaşmasına, bu hər kəsin şəxsi işidir, ona hər kəs özü qərar verəcək. Kim istəsə, qiymətdə dəyişiklik edib, bahalaşdıracaq. Öz adıma deyə bilərəm ki, yaxın gələcəkdə belə bir fikrim yoxdur”.

Müğənni Manaf Ağayev: “Mən düşünürəm ki, xalqımızın maddi vəziyyətinin yaxşı olmadığı bir zamanda, heç bir müğənni qiymət qaldırmaz. Əksinə, toy qiymətlərində endirim olacaq. Onsuz da indi kimin ağlına nə gəlirsə, onu da danışır. Mən öz adımdan əminliklə deyə bilərəm ki, mənim toy qiymətini qaldırmaq fikrim yoxdur. Təki xalqımız toy etsin. Qiymət qaldırmaq sonranın işidir”.

Xalq artisti, xanəndə Mələkxanım Əyyubova: “Biz hazırda toy qiymətlərində dəyişiklik edəcək halda deyilik. Dua edirik ki, tezliklə, Allahın köməkliyi ilə koronavirus bəlası bitsin və təki hər zaman toy olsun”. 

Müğənni Nadir Qafarzadə: “Mən öz adımdan deyə bilərəm ki, toy qiymətlərində dəyişiklik etmək fikrində deyiləm. Karantində insanlar maddi sıxıntı çəkdiyi üçün maddi vəziyyətlərində çətinlik yaranıb. Qiymətləri qaldırmaq həmin insanlara qarşı haqsızlıq olardı. Belə bir deyim var “Çox istəyən azdan da olar”. Əgər qiymət qaldırmaq istəyən müğənnilər olacaqsa, onlara demək istəyərdim ki, camaatın dar günündən istifadə etməsinlər”. 

Əməkdar artist, xanəndə Elnarə Abdullayeva: “Mənim toy qiymətində dəyişiklik etmək fikrim yoxdur. Məgər karantindən sonra insanlar varlanacaq ki, biz də qiymətləri qaldıraq?”

Əməkdar artist Nüşabə Ələsgərli: “Düzünü desəm, toy qiymətlərində bahalaşma barədə heç bir xəbərim yoxdur. Düşünürəm ki, bu barədə yayılan məlumatlar özündə heç bir həqiqəti əks etdirmir. Axı, kim millətin bu çətin anında insafsızlıq edib qiymət qaldırar?”

Müğənni Tacir Şahmalıoğlu: “Əhali karantində olan-qalan pulunu da xərcləyib bitirib. Camaatın imkanına görə də hərəkət etmək lazımdır. Mən hər zaman xalqımın, millətimin imkanına görə hərəkət etmişəm. Bəlkə də, bu, məndə Allah vergisidir. Mən insana baxanda kimi bilirəm ki, hansı gücə, imkana malikdir. Əgər bir insanın gücü beş manat verməyə çatırsa, ondan 10 manat istəməyin mənası yoxdur. Bəzi müğənnilər var ki, məndən yüksək qiymətə toya gedirlər, ancaq mənim ayağımın bildiyini onların başı bilmir”.

1