“Bizdə yemək bişirilən qazanın yanında müğənni kostyumda, xanımdırsa axşam makiyajında, axşam paltarında səhər tezdən düşüb ortalığa mahnı oxuyur. Bu, ağlagəlməz haldır, amma biz bunu icad etmişik, həmişəki kimi bizim analoqumuz yoxdur, bizə kənardan dəli kimi baxırlar.
Bu sözləri Unikal.org-a açıqlamasında aparıcı-şoumen Kamran Həsənli deyib.
“Şoumenlik formatında verilişə, həmin formata uyğun dekorasiyalar, işıqlar, veriliş və yaradıcılıq azadlığı olmalıdır. Bizim televiziya 2 divandan və 3 müğənnidən ibarətdir. “Youtube” kanalımda apardığım verilişlərin daha böyük “talk-şou” variantını aparmağa həvəsliyəm. Televiziyanın bu halında efirlərə geri qayıtmağın nə mənası var? Konsept dəyişilməlidir, mən düşündüyünü deməyi sevən biriyəm. Televiziyalar xoşagəlməz haldadır. Bütün tamaşaçılar Azərbaycan televiziyalarından narazıdır. Hansısa verilişi, televiziyanı bəyənməmək başqa ölkələrdə də olur, amma bir xalqın öz televiziyalarından tamamilə narazı olması faciədir. Kasıb dediyimiz Gürcüstanda da efirlərdə ən bahalı lahiyələri görə bilirik, təəssüf ki, həmin lahiyələrdən heç biri bizdə yoxdur ”, – deyə aparıcı-şoumen Kamran Həsənli deyib.