“Müsəlman ailənin qızı olaraq “Mən erməniyəm” deyə bilməzdim”
O, doğulanda əzan oxunurmuş. Bəlkə, elə el arasında deyildiyi kimi, onun səsi də əzan suyuna çəkilmişdi. Təkcə səsi yox, sərt görünüşü, dik duruşu, daş-qaşlı, bahalı qiyafələri, kəlməbaşı atdığı qəhqələlər, həyata baxışı və verdiyi qərarlarla özünəməxsus, fərqlidir o.
Hit.Az xəbər verir ki, atasının futbolçu olmasını istədiyi Bülent Erkoç bu gün Türkiyənin böyük sənətkarıdır. Səsi özündən də böyük olan Bülent Ersoydur…
Bülent Ersoy 1952-ci ildə Malatyada dünyaya göz açıb. 8 yaşına kimi burda yaşayan Bülent daha sonra ailəsi ilə birlikdə İstanbula köçüb. Sakit, ağıllı, heç kimi narahat etməyən bir uşaq olub. Uşaqlığından musiqi ilə maraqlanmağa başlayıb, sayılıb-seçilən müəllimlərdən dərs alıb. Musiqi üzrə akademik təhsil alıb.
Bülent böyük bir sevgidən doğulan uşaqdır. Atası o dövrlərin məşhur futbolçusu olub. Fikret Erkoç oğluna futbolçu dostunun adını qoyub. Elə onun da futbolçu olmağını arzulayırmış.
Anası Naciye Poyraz danışır ki, Bülent uşaqlığından zərif olub: “Ona xərcləməyə pul verərdim, o isə bu pulla nənəsini kinoya aparardı. Həmişə pulunu yığar, mənə nə isə alardı. Yaxşı yadımdadı, 13-14 yaşlarında mənə deyərdi ki, ana, böyüyəndə barmaqlarını brilliyant üzüklərlə dolduracam. Sənə kürklər alacam. Savadına da söz ola bilməzdi. 6 illik konservatoriyanı 3 ilə bitirib. Həm də çox sakit, sözəbaxan uşaq idi. Tək qüsuru təmizlik xəstəsi olmasıydı. Uşaq vaxtı böyükləri ziyarət edəndə kiminsə əlini öpdürmək istəyəndə soruşardı ki, görəsən, əlini yuyubmu? Bacı-qardaşının olmağını çox istəyərdi…
Cinsiyyətdəyişdirmə əməliyyatından, bir də səhnəyə çıxmağı qadağan ediləndən sonra əsəbləri pozuldu. Nəyə əsəbləşəcəyi bəlli olmaz. Amma yenə də yaxşı övladdı… ”
Bülent Ersoy səhnə həyatına ailə restoranlarından birində başlayır. Səhnəyə çıxdığı ilk illərdən artıq cinsiyyətini dəyişəcəyi görünüşündən sezilirdi. O illərdə bu, ona qarşı maraq oyatdığı qədər, əks reaksiyalar da doğururdu.
1980-ci ildə konsert zamanı tamaşaçıların təkidi ilə sinəsini açdığına görə istintaqa cəlb olunur. Hakimi təhqir edən Bülent 45 günlük həbs cəzası alır. 12 sentyabr hərbi çevirilişindən sonra səhnəyə qadın paltarında çıxan bütün kişi müğənnilər, transseksual sənətçilər kimi o da qadağayla üzləşir.
Bir il sonra Londonda cinsiyyətini dəyişdirərək qadın olur. Əməliyyatdan sonra əl açıb Allaha həm şükür edir, həm də əfv diləyir… Qadın pasportu alandan bir neçə il sonra o dövrün prezidenti Turqut Özalın qəbul etdiyi bir qanun nəticəsində səhnə qadağası da ləğv olunur. Ancaq qadağan olunduğu illərdə müğənnilik kariyerasını Almaniyada davam etdirir və orada türk filmlərinə çəkilir. Həmin dövrdə ona müxtəlif Avropa ölkələrindən vətəndaşlıq təklifi gəlir. Türk ordusu haqqında mənfi bəyənatlar verməsini istəsələr də, o, bu yolu seçmir və millətçi bir mövqe sərgiləmiş olur.
Ancaq 1988-ci ildə vətəninə geri dönə bilir. Adanada verdiyi konsert zamanı ondan “Çırpınırdı Qara dəniz” mahnısı oxumağını istəyirlər, ancaq o, oxumadığına görə bir tamaşaçı tərəfindən güllələnir və böyrəyinin birini itirir. Lakin sənətçi bu güllələnmə hadisəsinə başqa yozum verib və onu vuran adamı bağışladığını söyləyib.
Türkiyənin musiqi tarixinə adını qızıl hərflə yazmağı bacaran müğənninin iki evliliyi olub, ikisi də bir il davam edib.
Deyir, hər işə sağ ayağımı ataraq başlayıram: “Tez-tez “bismillah” deyirəm. Adətən çox gərgin oluram. Çünki həmişə elə bir şey ola bilər ki, nəticədə qazandığım bütün uğurlara kölgə sala bilər. Az qala bütün gün özüm-özümlə danışıram.
Bir gün anam qapını açıb, “yatmalısan, amma hələ də telefonla danışırsan” dedi. Dedim, ana, telefonla danışmıram, özümlə danışıram. Mən çətin adamam. İşimi hər şeydən yüksəkdə tuturam. Bu yaşda hələ də ayaq üstdəyəmsə, bayrağımı dalğalandıra bilirəmsə, deməli, doğru yoldayam.
Allaha çox yaxınam. Balaca olanda bir səhv eləyəndə stolun altına girib əzan oxuyardım.
Səhnəyə çıxdığım vaxtlarda o dövrün ən böyük sənətçiləri aktual əsərlərə müraciət edərdilər. O qədər qiymətli adamların arasında bir uşaq olsam da, özümü qəbul etdirməyə çalışdım. İçki içilən restoranlarda konsert verdim. Mənim elədiyim inqilab idi, içki düşkünü olan adamların qarşısına çıxıb çox dəyərli əsərlər oxuyurdum. Bu, ilkiydi.
Mən lider ruhlu bir insanam. Musiqi təhsilim, məlumatlılığım və qürurum həyatda məni həmişə xilas edib. Əgər güclü sənətkar olmasaydım, verdiyim o qərarla həyatım çox çətin olardı. Türkiyə müsəlman ölkəsidi, mənim əməliyyatım xaricdə belə çox diqqət çəkdi. Bunu əcnəbi bir müğənni də etsəydi, ölkəsində çox diqqət çəkərdi. Amma mən bunu müsəlman bir cəmiyyətdə etdim. Asan həyatım olmayıb mənim. Bunu tam olaraq necə izah edə bilərəm, bilmirəm…Türkiyədə inqilab eləmişəm mən. Həm az yaşda böyük sənətkarların qarşısına çıxaraq, həm də əməliyyat olunub cinsiyyətimi dəyişdirərək… Müsəlman ölkəsində özümü qəbul etdirməyim heç də asan olmadı.
Mən cinsiyyətimi məqsəd və vasitə kimi istifadə etmədim. Bu gün başıaşağı ailə qadınları necə yaşayıblarsa, mən də elə yaşamışam və yaşayıram. Mənim hörmətə layiq bir yaşayışım var. Heç kim mənə bir kəlmə söz deyə bilməz, ancaq və ancaq təqdirə layiqəm.
Mənim səsim, musiqi savadım mənə hər yerdə yaxşı yol açardı. Amma mən bunların təsirinə düşmədim. Bəlkə də, getsəydim, dünya səviyyəli bir səs olardım. Ancaq vətənimi sevməyim buna icazə vermədi. Mənə səhnəni qadağan edənlərə vətənimi nə qədər sevdiyimi bir daha göstərdim. Mən sənət qazisi sayıla bilərəm”.
Dediyi kimi, doğrudan da, çətin adamdır: “Mən bərabər olduğum adamla belə eyni hamama girmərəm. Eyni tualetdən itifadə edə bilmərəm.
Mən öpüşməyi də xoşlamıram. Tüküm ürpəşir, heç xoşlamıram. Yanaqdan öpməyi də sevmirəm. İçimdə çox sevə bilərəm, darıxa bilərəm, amma öpüşmərəm. Belə şeylərdə çox həssasam.
Tez-tez əllərimi yuyuram, hər gün bir-iki dəfə duş qəbul edirəm. Adamlar bizə gələndə bir qurban kəsirsə, gedəndə on qurban kəsir. Canlarını qurtarmış olurlar.
Ağlamağı heç sevmirəm. Özümü yazıq kimi göstərməyi də. Göz yaşlarımı yastığıma çox axıtmışam. Ağlamışam, düzdü, amma bunu evimdə işləyən xidmətçilərim belə görməyib.
Övladlıq götürmək istəmirəm. Bizim kimilərin eqosu yüksək olur, özümüz sevilək, diqqət bizdə olsun istəyirik. Eqoist bir ruhumuz var, belə olduğu halda bir uşağa qucaq açmağın çətin olduğunu düşünürəm. Analıq, həqiqətən, çox müqəddəsdi. Allah məni ana olmağa layiq görməyib deyə mən də özümü analığa layiq görmürəm.
Məndən çox soruşurlar ki, həyatınızda kim var? Məcburam bir sevgilimin olmasına? Mütləq birinin yanında armud kimi durmağına nə ehtiyac var ki?
Sevdiyimi hiss eləyəndə aslant kimi ortaya çıxar, nə hiss elədiyimi deyərəm.
Bizim kimi adamların yanındakı kişilər heç vaxt ön plana çıxa bilmirlər. Bir milyarderin oğlu da olsa, Bülent Ersoydan qabağa keçə bilməz. Bu, Sezen Aksuya da aiddi. Yanında kim olur-olsun, ondan öndə ola bilmir. Çox kişi də bu duruma dözə bilmir, qaçır. Bu halda münasibəti davam etdirmək çətindi.
Mən bir kişiyə görə həyatımı dəyişdirə bilmərəm. Allah qorusun. Mən həmişə soyuqqanlı olmuşam. Heç vaxt istiqanlı olub, yaxın bir münasibət yaşamamışam. Mən özümü oxumağa həsr eləmişəm. Başqa zövqlərlə heç vaxt işim olmayıb”.
Başı illərlə məhkəmələrə qarşına müğnni kariyerasında yüksəlişi 90-cı illərdə yaşamağa başlayıb. Vətəninə dönəndən sonra öz verilişini aparan sənətçi xalqın “ablası” olaraq yaddaşlara həkk olunur. Özünü isə həmişə müsəlman, millətçi və yüksək təbəqənin nümayəndəsi kimi təqdim edərdi.
2007-ci ildə Bülent Ersoyun münsiflər heyətində yer aldığı müsabiqə sui-qəsd qurbanı olan erməni jurnalist Hrant Dinkin şərəfinə erməni mahnısıyla açılır. Küçələrdə Dinkə görə yürüyüş edildiyi və “Hamımız erməniyik” şüarının səsləndiyi bir vaxtda açıqlama verərək, müsəlman ailənin qızı olararaq heç vaxt “Mən erməniyəm” deməyəcəyini bildirir.
Deniz Gezmişin yaxın dostu olan müğənni onun edam edilməsindən sonra çox göz yaşı axıtdığını deyir: “Nə olur-olsun, insanın fikrinə görə cəzası edam olmamalı idi. Edama qarşıyam mən. Bir qarışqaya belə can verə bilmirik. Onda can almağa nə haqqımız var?!”
Sevinc
Hit.Az