"Balalarım üçün bu işi görməyə məcburam. Onların yaxşı yaşaması, dolanması, pulumun olması üçün. Sizə bir söz deyim. Məşhur “Çal çağır” verilişini xatırlayırsınız? Onu da mən yaratmışam. Bəlkə də çoxları bunu heç bilmir. Amma o, “rakka-çıkka” olandan sonra mən Mikayıl Güləddinoğlu, daxmada yaşayan oğlan özünə gün ağladı".
Bu sözləri tanınmış aparıcı Mikayıl Güləddinoğlu news24.az saytına müsahibəsi zamanı deyib.
Aparıcı əvvəlki həyatının çox çətin olduğunu, ailəsi ilə birlikdə şəraitsiz vəziyyətdə yaşadığını bildirib:
"Biz çox pis şəraitdə yaşamışıq. Yağış yağan kimi hər yeri vedrə, aş qazanları ilə doldururduq ki, batmayaq. Çünki evin damı yox idi. Evdə ilbizlər gəzirdi, siz indi bunu təsəvvür edin. Bütün bunlar Sabunçudakı buruqların yanındakı evimizdə yaşanırdı. Hətta arada elə olurdu ki, dostlarımızla çayxanadan, yeyib-içməkdən qayıdandan sonra, məni maşınla evə aparmaq istəyəndə yalandan başqa evin önündə düşürdüm ki, harada və hansı şəraitdə yaşadığımı görməsinlər. İndi isə o “toyxana”ya görə mən ev-eşik sahibi olmuşam. İnanın ki, camaat bizdən nəyi istəyirsə, biz də onu veririk. Efirimə hər bir nəslin nümayəndəsi baxa bilər, çünki orda nalayiq söz yoxdur. Mən indi efirimdə hər şeydən danışa bilərəm, o gücə və intellektə də malikəm, amma inanın ki, bu, heç kimə lazım olmayacaq. Çünki, insanlar məndə ciddilliyi qəbul etmirlər".