Türkiyənin “WediaCorp” dijital platforması daha bir qalmaqalla gündəmə gəlib.
Bu dəfə müğənni Şöhrət Məmmədov şirkətdən şikayət edib.
O bu barədə sosial media hesabında yazıb:
“2018-ci ildə 3 illik müqavilə bağladığım “WediaCorp şirkəti” kanalımı geri qaytarmır. Deyirlər “biz belə istəyirik, deməli, belə də olacaq”. Mediadan bu məsələni işıqlandırmağı və hüquqlarımın bərpa olunmasına kömək etmələrini xahiş edirəm”.
Şirkət isə bununla bağlı açıqlama yayaraq ifaçının iddiasının əsassız olduğunu, onunla 2023-cü ilədək müqavilə imzaladıqlarını qeyd edib:
“Şöhrət Məmmədovun ötən il Türkiyədə edilən yüksək büdcəli reklam nəticəsində gəlirləri artdığı üçün başqa dijital platformadan pul təklifi alıb. O, “Wediacorp”a qarşı haqsız ittihamlar irəli sürür”.
Şirkət vəziyyətlə bağlı dəlilləri paylaşdığını bildirsə də, müqavilənin görüntüsünü izləyicilərlə paylaşmayıb.
Sözügedən şirkətin adı dəfələrlə bu mövzuda qalmaqallarda hallanıb. Aylar öncə Şəbnəm Tovuzlu, Türkan Vəlizadə, Ruslan Səfəroğlu və Nəfəs kimi bir neçə tanınmış simaların ümumilikdə 200 min dollardan çox pulunun mənimsənildiyi ortaya çıxmışdı.
“WediaCorp”un direktoru isə Funda Şən azərbaycanlı menecerlərlə əməkdaşlığa son qoyduğunu bildirmişdi.
Qeyd edək ki, həmçinin, sözügedən şirkət Azərbaycanda milyondan çox baxış toplayan və mülkiyyətçisi həyatda olmayan şəxslərin ifalarını, videokliplərini şikayət edərək sildirməkdə, yenidən səhifə açaraq özlərini mülkiyyətçi kimi təqdim etməkdə günahlandırılırdı.
Rəşid Behbudov, Elza İbrahimova, Oqtay Ağayev, Emin Sabitoğlu və başqa məşhur simaların layihələri silinmişdi. Silinənlər arasında, hətta Elza İbrahimovaya məxsus 800-dən çox musiqi videosu da var idi.