Məhkəmə Elnar Xəlilova bəraət verdi

MAQAZİN
15:03 / 24.03.2021
1497

Xuliqanlıqda təqsirləndirilən müğənni Elnar Xəlilov və dostu Müşfiq Ələkbərovun cinayət işi üzrə Xəzər Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb.

HİT.Az "Report"a istinadən xəbər verir ki, sonuncu iclasda ittiham olunan şəxslərə hökm oxunub.

Hökmə əsasən, E.Xəlilova bəraət verilib, M.Ələkbərov isə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Bundan narazı qalan iş üzrə zərərçəkmiş Anar Qurbanov apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib.

Hazırda şikayət və protestə Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə baxılır. İlk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə prosesi aprelin 1-də davam etdiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, müğənni E.Xəlilov yerli televiziya kanallarının birində hava limanında özünün də iştirakçısı olduğu bir faktı təhrif edərək ictimailəşdirib: “Həmin verilişin tamaşaçıları arasında çaşqınlıq yaranmaması üçün müğənninin qeyd etdiyi insident barədə məlumat verməyi zəruri hesab edirəm. Belə ki, 2019-cu il oktyabrın 22-də gecə saat 02:30-da Elnar Xəlilovla dostu Müşfiq Ələkbərov Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısındakı dayanacaqda avtomobillərini park edərkən digər sürücü Anar Qurbanovla aralarında yaranmış mübahisə nəticəsində əlbəyaxa dava ediblər. Bu zaman Elnar Xəlilov və Müşfiq Ələkbərov Anar Qurbanovun baş və sifət nahiyəsinə əl və ayaq zərbələri ilə xəsarətlər yetirərək şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq ediblər”.

Faktla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılıb və Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

E.Xəlilova və M.Ələkbərova qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunub və barələrində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilib.

0