Tahir İmanovdan müğənnilərə İTTİHAM

MAQAZİN
15:00 / 06.04.2021
1637

Dünyada sürətlə yayılan virusun qarşısının alınması məqsədilə bir ildi ölkəmizdə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Bu siyahıya toy, nişan, şou-proqramlar, film çəkilişləri və s. də daxildir.

Son bir ildə xarici şou-biznes nümayəndələri ilə bağlı məlumatlara nəzər salsaq, onların heç də toysuzluqdan, işsizlikdən gileylənmədiyini görərik. Lakin ölkəmizdə sənətçilər tez-tez maddi çətinlikdən və işsizlikdən şikayətlənirlər.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov bir ildən çoxdur pandemiya olsa da fəaliyyətini davam etdirdiyini deyib:

“Son bir ili hər kəs necə keçirdisə, məndə də eynisi oldu. Ümumiyyətlə, bu həyatda nə olursa, bizim xeyrimizədir. Pandemiya olsa da məndə həvəssizlik kimi hallar olmadı. Əksinə, biz dayanmadan işləyirik. Düzdür, fəaliyyətimiz hazırda yalnız kino istiqamətindədir, ancaq işləyirik, bu günümüzə şükür. Sənətçilərimiz maddi çətinlikdən gileylənirlər. Alternativ gəlir yerləri tövsiyə edənlər var, anlamıram, sənətçi gedib daş karxanasında işləməlidir, yoxsa "oboy" vurmalıdır?!”

Aktyor bir vaxtlar gündə bir neçə toyda, şou-proqramda iştirak edən ifaçıların indi gileylənməsini naşükürlük adlandırıb:

“Şou nümayəndələrinin bəziləri çox gileylənirlər. Dövlət onlar üçün hər cür şərait yaratmışdı. Baxmayaraq ki, hər gün toylara gedirdilər, pul qazanırdılar, amma əksər hallarda vergidən yayınırdılar. Bütün bu vergidən yayınma hallarına dövlət gözünü bağlayırdı, onlara dəymirdi. İndi belə bir vəziyyətdə gəlib gileylənmək düşünürəm ki, naşükürlük olar. Sadəcə pandemiyadan nəticə çıxarmalıdırlar və gələcəkdə gəlirlərini idarə etməyi bacarmalıdırlar. Toylardan yaxşı pul qazanırdılarsa, israf etməməli idilər. Həddən artıq israfçılığa yol verilirdi. Bunu mən demirəm, bizim maqazin verilişləri, xəbər saytları bu barədə yazırdı. Tez-tez qarşımıza çıxırdı ki, filankəs pulunu filan şeyə xərclədi, onu aldı, bunu aldı... Fikrimcə, bu pandemiya hər kəsə dərs oldu. Mən heç kəsə dərs vermək fikrində deyiləm, nə də müəllim kimi görünmək istəyirəm. Əgər bunları deyirəmsə, həmin fikirlər mənim özümə də aiddir. Mən başda olmaqla, hər kəs gəlirinə diqqət etməli, israfçılığa yol verməməlidir. Düşünürəm ki, hər bir vəziyyətdən xeyir güdmək lazımdır, eləcə də pandemiyadan. Bu pandemiya hamımıza bir nəfər kimi dərs olmalıdır”.

0